Azərbaycanda övladlarının rus və ingilis dillərində təhsil almasını istəyən valideynlərin sayı ildən-ilə artır. Bu tendensiya, həm rus dilində təhsil alan şagirdlərin sayının artması, həm də ingilis dilinin təhsil sistemində daha geniş yer tutması ilə müşayiət olunur. Valideynlər, övladlarının gələcəkdə daha geniş təhsil və iş imkanlarına sahib olmalarını təmin etmək məqsədilə rus və ingilis dillərində təhsil almağa üstünlük verirlər. Bu onlara müxtəlif beynəlxalq təhsil proqramlarına qatılmaq və xaricdə təhsil alma imkanı yaradır.
Statistikaya görə, son 3 ildə rus bölmələrində oxuyan uşaqların sayı 50 faiz artıb. Məlumata görə, hazırda orta məktəblərin 7,6%-də təhsil rus dilindədir. 4472 orta məktəbin 340-ı rus məktəbidir və burada 90 min şagird təhsil alır. Bu, ölkədə ümumən şagirdlərin 6,3 faizinin rus dilində təhsil alması deməkdir.
Məlum olduğu kimi, 2019-cu ildən etibarən rus bölməsində oxumaq istəyən uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirməsinə başlanılıb. Azərbaycan bölməsindən fərqli olaraq, orta məktəblərin rus bölməsini seçən şagirdlər müsahibədən keçməlidirlər. Müsahibədə uşaqlar dinlədiyini anlamaq, ünsiyyət qurmaq, öz fikrini sadə formada ifadə etmək, özü və ailəsi haqqında qısa məlumat vermək bacarığını nümayiş etdirməlidir. Yalnız bu mərhələdə məqbul qiymət aldıqdan sonra uşaq rus bölməsində təhsil almaq haqqı qazanır. Rus bölməsinə qəbulun çətinləşdirilməsi belə valideynlərin övladlarını bu bölmədə təhsil almaq istəyini azaltmır.
Azərbaycanda ingilis dilində təhsil əsasən özəl məktəblərdə mövcuddur. İngilis dilində təhsilin pullu olmasına baxmayaraq bu bölmədə uşaq oxudan valideynlərin də sayı az deyil.
Bəs görəsən, valideynlərin övladlarını doğma ana dilində deyil, məhz rus, ingilis dilində oxutmaq arzusu nədən qaynaqlanır? Xarici dildə təhsilin nə kimi üstünlükləri var?
Məsələ ilə bağlı Təhsil eksperti Nadir İsrafilov Xeberlenti.com-a açıqlamasında bildirib ki, son illər övladlarını rus, ingilis bölməsində oxutmaq istəyində olanların say etibarı ilə nəzərəçarpacaq artımının müşahidə olunması danılmazdır. Bununla belə, bu təbii artımın süni yollarla qarşısının alınması da yolverilməzdir. O ki, qaldı bunun məhz rus bölməsində tədris səviyyəsinin yüksək olması ilə izahına bu da nə vaxtsa rusdilli uşaqların dünyagörüşünün, intellektual səviyyəsinin yüksək olması, nizam-intizamda mütəşəkkillik göstərmələri ilə bağlı yaranmış miflə əlaqədardır:
“Qanunvericiliymizə əsasən, valideynlər övladları üçün dil seçimini etməkdə sərbəstdirlər. Azərbaycan dili bizim dövlət dilidir və bunu hamı bilməlidir. Təlimi rus dilində olan məktəblərdə Azərbaycan dilinin tədrisinin zəifliyi barədə əsassız iddialar isə heç də o demək deyil ki, bunun səbəbkarı məhz rus dilidir. Digər bir məsələ. Azərbaycanda təhsil alan 1,5 milyon şagirddən 130 min nəfərinin rus bölməsinin payına düşməsi heç də ona əsas vermir ki, “ölkəmizdə birmənalı şəkildə ana dilində təhsil məcburi və alternativsiz olmalı”, “rus bölməsi ləğv olunmalı”, “rus bölmələrində təhsil ödənişli olmalı”, “rus məktəbləri özəlləşdirilməli” kimi fikirlər irəli sürülsün. Bugünkü günümüzdə Rus dilinin səviyyəsinin Azərbaycanda yüksək olmasını birmənalı şəkildə demək olmaz. Bizdə Sovet dönəmində rus dilinə xüsusi diqqət yetirilirdi və bu da bir sıra məlum amillərlə şərtlənirdi. Biz müstəqil olandan sonra rus dili xarici dillər qrupuna keçirildi. Bir müddət rus dilinə maraq azalsa da, sonradan əsasən elit məktəblərdə rus dilinə meyil artdı. Bunu müxtəlif səbəblərlə əlaqələndirirlər. Bir səbəb isə işə götürənlər tərəfindən ali məktəbi bitirənlərdən rus dilini bilməsi əsas şərt kimi tələb olunur. Eyni zamanda rusdilli ədəbiyyatlar çoxdur. Bu dilə meyillilikdə məqsəd oxuyanın gələcəkdə bu dilin onun quracağı kariyerasında köməyinin olacağını düşünməsidir. Valideyn də indidən bunu nəzərə alır. Digər səbəb Rusiyanın qonşu ölkə olması və onun ali məktəblərində təhsil ödənişlərinin bizdəkindən ucuz başa gəlməsidir”.
N.İsrafilov bildirib ki, gələcəkdə Rusiyada təhsil almaq istəyərkən rus dili kömək olur. Başqa səbəb isə insanların özlərini elit, kübar göstərmək istəyidir. Rus dilində tədrisin əleyhinə getmək də düzgün mövqe sayıla bilməz. Lakin uşağın düşüncəsi, dərk etmə səviyyəsi, mühit məsələsi var. Son zamanlar Elm və Təhsil Nazirliyi bu vəziyyətdən çıxış yolu kimi rus sektoruna qəbul olunan uşaqlarla müsahibə keçirir. Məqsəd qəbul olunan şagirdlərin rus dilindən anlayış dərəcəsini müəyyən etməkdir. Təəssüf ki, bəzi hallarda bu elementar müsahibələr ciddi imtahana çevrilir: “Burada hər iki dilə münasibəti optimallaşdırmaq üçün rus dilli bölmələrdə Azərbaycan dili dərslərinin səviyyəsini artırmaq və gücləndirmək lazımdır. Azərbaycan bölməsində də əksinə rus dili dərslərini gücləndirmək lazımdır. Rus dilinə meyillilik Azərbaycan dilinə mane ola bilməz. Sadəcə, məsələnin mahiyyəti ciddi araşdırılmalı optimal variant tətbiq olunmalıdır. Təhsil qanununvericiliyimizdə nəzərdə tutulduğu kimi Azərbaycanın təhsil sistemi milli zəminə, ümumbəşəri dəyərlərə əsaslanır, demokratik xarakter daşıyır. Bəlkə, rus dilinə yerli-yersiz hücumlar əvəzinə, ümumilikdə rus dili ilə bağlı yaranan vəziyyətin nədən qaynaqlandığı barədə düşünmək daha faydalı ola bilər…
Bəlkə, rus bölməsi ilə müqayisədə Azərbaycan bölməsindəki müəllimlərimizin peşəkarlıq səviyyəsinin qaneedici olmamasında nəsə bir həqiqət var? Bəlkə, bunun başlıca səbəbi həqiqətən də Azərbaycan bölməsində tədrisin səviyyəsinin valideynləri lazımınca qane etməməsidir? Bəlkə bir səbəb də öz ana dilimizdə kifayət qədər tələb olunan ədəbiyyatın olmaması, mövcud tərcümələrin qüsurlu olması, rus dilində olan ədəbiyyatların hələ də dominantlıq etməsidir? Bəlkə, əksər qurum və şirkətlərin işə qəbul olunanlar qarşısında rus dilini mükəmməl bilmək tələbi qoymasıdır?”.
Həsən Məmmədov
Xeberlenti.com