“Nüfuz və qarşılıqlı hörmət olmadan səmərəli idarəetmə həyata keçirilə bilməz.”
Bir qayda olaraq hər il tədris ilinin başa çatması ərəfəsində və son zənglə bağlı tədbirlər çərçivəsində xoşa gəlməz hadisələrin baş verməməsi üçün Nazirlik tərəfindən tədbirin hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, yaxud ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunacağı, tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələrinin iştirak edə biləcəyi, “Son zəng” müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görüləcəyi barədə xəbərdarlıq edər müvafiq əmr verərdi.
Bu dəfə Bakı şəhəri 207 nömrəli tam orta məktəbin direktorunun “Son zəng”lə əlaqəli valideynlərdən pul yığılmasına görə yayılmış səs yazısı ənənəni pozmuş oldu. Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin rəsmi açıqlaması hər kəsi tələblərə əməl etməyə çağırıb:”Məktəblərə protokollar göndərilib və tələblərdən kənara çıxmaq olmaz. “Son zəng”lə əlaqəli məktəblərdə yaradıcı və bədii hissə ola bilər. Amma valideynlərə əlavə maliyyə yükü yaradan tədbirlərin keçirilməsinə yol verilməməlidir”. Bildirilib ki, araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təhsil müəsissəsinin direktoru vəzifəsindən azad edilib. Təhsil müəssisələrində sağlam işgüzar mühitin təmin olunması, vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması əsas prioritetlərdəndir. Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir.
Nə qədər belə təlimatlar verilib, tələblər irəli sürülüb, cəzalandırılanlar, vəzifədən azad olunanlar olub, vəziyyət isə dəyişməyib ki, dəyişməyib. Ən yuxarı səviyyədə mövqeyimiz isə ondan ibarət olub ki, “Məktəblərdə pul yığımı qanun pozuntusudur. Bunun üçün qayda olmalıdır. Təhsil elədir ki, nə qədər resurs gəlirsə, o qədər də nəticə olur. Bu yığım qeyri-qanuni olmamalı, şəffaf olmalıdır… Məktəblərdə pul yığımı bu günün problemi deyil, mən məktəbdə oxuyanda da belə idi”. Qayda yoxdursa, qaydanı kim hazırlamalıdır…? Kim təminat verə bilər ki, bundan sonra da bu kimi xoşa gəlməz hallar baş verməyəcək? Çıxarılan direktorun yerinə gələn ondan bir az da irəli getməyəcək? Məktəb direktorunu seçəndə araşdırma aparılmaq lazımdır, vəzifədən azad edəndə yox… 5 -3 əzbərçilik xarakteli test sualı əsasında aparılan seçim – “Bu xəmir hələ çox su aparacaq” anlamından başqa bir şey olmayacaq…
Zaman-zaman məktəb direktorları ilə bağlı məsələlər gündəmə gəlir, əsasən də qınaq xarakterli. Tez-tez məktəb direktorları tərəfindən rəhbər işçiyə yaraşmayan hərəkətlərə yol verilməsi, kollektiv üzvləri və valideynlərlə qaşıdurma yaratması kimi faktlarlarla raztlaşırıq. Hətta, vəziyyətin o həddə çatması halları var ki,kollektiv və valideynlər hansısa direktorun idarəçiliynə narazılıq əlaməti olaraq onun vəzifəsindən azad edilməsi tələbi ilə çıxış ediblər. Bir sözlə orta ümumtəhsil müəssisələrinə rəhbərlik edən şəxslərin idarəetmə və menecerlik bacarıqları, yaradıcı keyfiyyətləri mütəmadi müzakirə olunan məsələlərdən biri olub, heç də hamı tərəfindən birmənalı qarşılanmır. Müasir məktəb direktoru necə olmalıdır sualını qoyanlar da var, ideal məktəb direktorunun olub-olmaması ilə maraqlananlar da var.
Məktəbdə formalaşan iş mühiti təlim – tərbiyə sistemində dövlət standartlarının həyata keçirilməsi direktordan, onun peşəkarlığından asılıdır. Əbəs yerə deyil ki, “direktor” sözü latınca “idarəedici” sözündən götürülüb, “yönəldən”, “istiqamət verən” mənasını verir. Azərbaycanda direktor “müəssisə, idarə yaxud məktəb müdiri” kimi izah edilir. Direktor məktəbin rəhbəri, təlim – tərbiyə işinin və təsərrüfat fəaliyyətinin təşkilatçısıdır. O, müxtəlif bir – birini tamamlayan funksiyaları – təşkilatçılıq, pedaqoqluq, inzibatçılıq, ictimai xadimlik funksiyalarını yerinə yetirir”. Direktor məsuliyyəti, təşəbbüskarlığı, hərtərəfli biliyi, məntiqli və operativ qərarçıxarma bacarığı ilə fərqlənməlidir. O, təhsilə aid olan hüquqi-normativ sənədləri, yerli qabaqcıl və beynəlxalq təcrübəni daim öyrənməlidir. Kollektivdəki işçilərin əmək funksiyasını və hüquqlarını bilmək xüsusi ilə önəmlidir.
Hesab edirəm ki, seçim zamanı namizədlərin yalnız yaşadıqları ərazidə yerləşən təhsil müəssisələrinə rəhbər seçilməsi direktor təyinatı təcrübəsində ən uğurlu dəyişikliklərdə biri ola bilər. Bu, idarəetmənin daha mobil və səmərəli təşkil etməklə yanaşı, həm də təhsilin keyfiyyətinin nəzərəçarpacaq dərəcədə yüksəldilməsinə səbəb olar. Direktor hər şeydən əvvəl şəxsiyyət olmalıdır. Tanınmış, nüfuzlu, liderlik missiyasını öz üzərinə götürə bilən biri məktəbə rəhbərlik etməlidir. Loru dildə desək, məktəb direktoru nə də olmasa, tabeliyindəki kollektiv üzvlərindən “bir baş” yüksək olmalıdır. Azərbaycan gerçəkliyində müxtəlif təfəkkürə, fərqli mədəni səviyyəyə malik, peşəkarlıq göstəricilərinə görə də bir-birindən tamamilə seçilən məktəb direktorları var. Və həmin məktəb rəhbərlərinin hər biri öz vəzifəsini özünəməxsus tərzdə icra edir, meydana gələn problemləri də özünəməxsus tərzdə həll etməyə çalışır.
Məktəb rəhbərliyi kollegial idarəetmə orqanı çərçivəsində pedaqoji kollektivə ümumtəhsil prosesinin, təhsilalanların dərsdənkənar vaxtının, sosial müdafiəsinin təşkilində köməklik göstərmək məqsədilə yaradılan ictimai xarakterli valideyn komitələri, pedaqoji şura, ictimai təşkilatlarla, mövcud qanunvericilik çərçivəsində sıx əlaqədə işləyərsə, səmimiyət bir o qədər çox, narazılıq və şikayətlər də bir o qədər az olar. Bütün bunlar məktəbdə sağlam mənəvi-psixoloji durumun mövcud olmasını şərtləndirən səbəblərdəndir. Buna görə də direktor seçiminə ciddi və həssaslıqla yanaşılmalıdır. Müsabiqədə test və essedən daha çox müsahibə zamanı namizədin psixololi durumuna, ictimai və sosial həyat tərzinə diqqət yetirilməlidir. Böyük Azərbaycan maarifçisi mərhum akademikimiz Mehdi Mehdizadə “Azərbaycan xalq maarifinin sürətli inkişafı” kitabında yazırdı: “Məktəb direktoru – bu məsul vəzifə bir çox ixtisası özündə birləşdirir. O, müəllimi, metodisti, dövlət inspektorunu, təsərrüfatçını, tədris prosesi təşkilatçısını, yaşlı və uşaq kollektivləri tərbiyəçisini bir şəxsdə birləşdirməlidir. Burada elmi idarəetməyə nəinki hərtərəfli, mükəmməl yiyələnmək, həm də həqiqi fədakarlıq, seçdiyi işə son dərəcə sədaqətli olmaq tələb edir.”
Nadir İsrafilov
Xeberlenti.com