İlk növbədə etməli olduqlarımızı edək, sonra daha nə edəcəklərimiz barədə düşünək.
Hələ, 15 iyun 1999- cu ildə Dövlət komissiyası tərəfindən hazırlanmış və ölkə başçısının 168 № -li Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı” işıq üzü gorəndə, çoxlarında təhsilimizin gələcəyi ilə bağlı xoş təsəlli hissi yaranmışdı. Bu da əsassız deyildi, çünki Proqrama islahatın əsas məqsədlərindən biri kimi “bütün qurumların fəaliyyətini təhsil alanın mənafeyinə xidmət etmək məqsədi ətrafında birləşdirən yeni təhsil sisteminin yaradılması” barədə müddəa daxil edilmişdi. Proqramda təsbit olunmuş “təhsil sahəsində hazırlanan normativ və hüquqi aktların layihələrinin müzakirəsinə ictimaiyyətin geniş cəlb olunmasının təmin edilməsi” və “təhsil sahəsində qəbul olunmuş normativ-hüquqi aktların icrasına ictimai nəzarət sisteminin yaradılması” barədə tələblər isə, ən pessimist dairələrin belə düşüncəsində təhsilimizin gələcəyinə yönəlik ümid qığılcımı yaradırdı. Çünki bu, bir vətəndaş olaraq onlara da təhsildə gedən proseslərin bərabərhüquqlu subyektinə çevrilmək imkanı verirdi.
Ən başlıcası isə “məktəbəqədər, orta , ali təhsildən sonrakı peşə və ona uyğun əlavə təhsil pillələrində toplanmış potensialı saxlamaq və inkişaf etdirmək, təhsil sistemini tənzimləyən müvafiq normativ – hüquqi bazanı yaratmaq, Azərbaycan Respublikası Konstitusiyasında, Təhsil Qanununda təsbit olunmuş tələbləri, cəmiyyətin siyasi, iqtisadi və sosial həyatının demokratikləşməsinə əsaslanan dövlət siyasətini həyata keçirmək” islahat Proqramının əsas məqsədi kimi müəyyənləşdirilmişdi. Buna görə də Proqramda təhsil sistemində idarəetmənin demokratikləşmə prosesinə uyğun qurulması, onun yeni məzmun və formalarda tətbiq olunması, təhsil müəsisələrinin inkişaf strategiyası və məqsədlərinin müəyyən edilməsində, müvafiq qərarların çıxarılmasında və s. müstəqilliyə aparan yeni idarəetmə mexanizminin yaradılması kimi tələblər də irəli sürülürdü.
Proqramdakı “təhsil sisteminin hüquqi tənzimlənməsi” , “əsas hədəfin təhsil verənə və alana yönəldilməsi”, “idarəetmənin dövlət-ictimai xarakterinin güclləndirilməsi”, “təhsil sisteminin idarə olunmasında səlahiyyətlərin bölüşdürülməsi”, “funksiyalarin yuxarıdan aşağıya paylanması”, “təhsil sisteminin idarə olunmasının inhisarsızlaşdırılması” kimi prinsiplər isə təhsilimizin heç də uzaq olmayan perspektivlərindən xəbər verirdi. Bu gün, həmin Proqramın qəbul edilməsindən 25 ildən də artıq bir müddət keçməsinə baxmayaraq, istər –istəməz çoxsaylı suallara cavab axtarmalı oluruq :
-Təhsil sahəsində uzun illərdən bəri toplanmış potensial qorunub saxlanıldımı?
-Təhsil sistemini tənzimləyən müvafiq normativ-hüquqi baza yaradıldımı?
-Bütün proseslərin bu bazaya istinadən tənzimlənməsi prioritet istiqamət kimi ön plana çəkildimi?
-Təhsil sisteminin idarə olunmasında inzibati-amirlik prinsipləri aradan qaldırıldımı?
-İdarəetmənin dövlət-ictimai xarakteri gücləndirildimi?
-İdarəetmə funksiyaları yeni məzmun və yeni formada tətbiq olundumu?
-Təhsil sisteminin idarə olunmasında səlahiyyətlər bölüşdürüldümü?
-Funksiyaların yuxarıdan aşağıya paylanması prosesi reallaşdımı?
-Ağırlıq mərkəzi aparatdan yerlərə keçirildimi?
-Əsas hədəf təhsil verənə və alana yönəldimi?
-Pedaqoji prosesin bütün iştirakçıları bərabərhüquqlu subyektlərə çevrildimi?
-Layihələrin müzakirəsinə ictimaiyyətin geniş cəlb olunması barədə müddəa həyata keçirildimi?
-Normativ-hüquqi aktların icrasına ictimai nəzarət sistemini yaratmaq tələbi təmin edildimi?
-Təhsilin inhisarsızlaşdırılması baş verdimi?
Sualların sayını nə qədər artırsaq belə, nəticə etibarı ilə bir cavab alınacaq : Təhsil sahəsində dövlətin təsdiq etdiyi Proqramı bir kənara qoyub, əsasını subyektiv mülahizələr, fərziyələr və ehtimallar təşkil edən hansısa təşəbbüsü, ideyanı, yaxud da istiqaməti məlum olmadan atılan bir addımı fetişləşdirərək, islahatçılıq hərəkatı kimi qələmə verib, bu dərin və ümidverici məfhumu arxivə göndərmişik.
Halbuki, məhz bu Proqramda islahat yolu ilə təhsilimizin forma və məzmunca yeniləşməsi üçün milli, mənəvi, bəşəri dəyərlərə istinad etməyə xüsusi önəm verilirdi. İslahat Proqramının qüvvədə olduğu illər ərzində təhsilimizdə baş verən aşağıda sadalayacağım aşınmalar, yayınmalar və digər ziddiyətli proseslər, hansısa fərdin subyektiv fikirləri kimi deyil, son illərdə cəmiyyətdə formalaşan ictimai rəyin təzahürü kimi qiymətlləndirilməlidir. Qənaətə gəldiymiz bəzi faktları konkretləşdirməyə çalışaq.
Beləliklə:
Dövlət komissiyası tərəfindən hazırlanmış Təhsil sahəsində İslahat Proqramını imitasiya predmetinə çevirərək, təhsilimizin məzmununu sarsıtmış, formasını bayağılaşdırmış, təhsil sahəsində uzun illərdən bəri toplanmış potensialı qoruyub saxlamaq və inkişaf etdirmək əvəzinə olan qalanını da dağıtmışıq;
Məna və mahiyyət etibarı ilə “təhsil proqramı” anlamına gələn əcnəbi mənşəli, cəlbedici “kurikulum” ifadəsini “milli təhsil konsepsiyası” səviyyəsinə qaldırıb, bu sahədə “köklü islahat” aparılması barədə görüntü yaradaraq, ölkənin “Baş İslahat prqramından” diqqəti yayındırmışıq;.
Proteksiya və yaxınlıq mövqeyindən faydalanaraq, dövlətçilik maraqlarını aşmaqla, bir çox pedaqoji və rəhbər vəzifələrin təhsillə hər hansı bir əlaqəsi və ya bu sahədə heç bir göstəricisi və səriştəsi olmayan naşı adamların əlinə keçməsinə dəstək vermişik;
Uşaq bağşaları və körpələr evlərini kütləvi surətdə özəlləşdirməyə çıxararaq, onların təyinatı üzrə profilinin dəyişməsinə göz yumub, erkən yaşlı uşaqların məktəbəqədər hazırlq imkanlarını məhdudlaşdırmıs, valideynləri yeni bağçaların nə vaxtsa tikiləcəyini gözləmək ümidinə qoymuşuq;
Məktəb, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin ərazilərini hərraca qoyaraq, yerlərində şadlıq sarayları, gözəllik salonları, digər iaşə obyektləri və göydələnlər tikilməsinə şərait yaratmaqla, bu təlim tərbiyə ocaqlarını idman meydançalarından, həyətyanı sahələrindən məhrum etmişik;
Məktəb təhsilimizdə repetitorluğun çiçəklənməsinə rəvac verərək, şagirdlərin məktəbdən yayınmasının kütləvi hal almasına, nəticə olaraq məktəb mühitinin dağılmasına şərait yaratmış, pedaqoji terminologiyamıza bunker repetitoru kimi yeni anlayış gətirmişik;
Təhsilin keyfiyyətini prioritet elan edib, milləti keyfiyyətli təhsilin yeganə “məbədgah”ına çevrilən, ildən-ilə yağışdan sonra göbələk kimi artmaqda olan, qanuni və ya qanunsuz fəaliyyət göstərən hazırlıq kurslarına pənah aparmaq zərurəti qarşısında qoymuşuq;
Təhsilin keyfiyyətinin ildən ilə aşağı düşməsi fonunda, Təhsil Qanununun “keyfiyyətsiz təhsilə görə vurulan zərərin ödənilməsi” maddəsini heç bir halda tətbiq etməməklə, istər təhsil alanların istərsə də, təhsil verənlərin hüquq və vəzifələrinə etinasızlq göstərməklə onları məsuliyyət hissindən azad etmişik;
Tədris planlarinda cüzi yerdəyişmələr aparmaqla, orta ümumtəhsil məktəblərinin istiqamətini dəyişdirmiş, onları lissey və gimnaziyalara çevirərək, ən yaxşı müəllim və şagirdləri bu müəssisələrə cəmləşdirib, təhsilverən və təhsilalanlar arasinda çeşidləmə aparmışıq;
Orta ümumtəhsil məktəblərində şagirdlərimizə imla, inşa, ifadə yazmağı yadırğatmaqla, onların yazı savadına sarsıdıcı zərbə vurmuş, hər testə beş- altı sual qoyaraq, onlara nəzəri bilikləri mexaniki əzbərləmək vərdişləri aşılamış, qramatika, orfoqrafiya, terminologiya kimi anlayışlardan məhrum etmişik;
Şagird gündəliyini “məktəbli kitabçası”, şagird dəftərini “iş dəftəri” halına salıb onu dəyərindən qat-qat baha qiymətə satılmasına şərait yaratmış, tədris vəsaitlərimizi kommersiya maraqlarının girovuna çevirmişik;
Adi “5” ballıq klassik qiymətləndirmədə belə, problemlər yaşayan müəllimlərimizi 9 ballıq qiymətləndirməni sınaqdan çıxarmağa macal tapmamış, diaqnostik, formativ, summativ adı ilə “milli qiymətləndirmə” tətbiq etməyə vadar etmiş, onların başını bəlaya salmışıq;
Peşələrin ən şərəflisi hesab etdiyimiz peşə sahibləri olan müəllimləri işə götürərkən, çox pilləli və məntiqsiz müsabiqə və imtahana çəkməklə, onlara universitetlərdə illərlə hədər vaxt keçirdiklərini və aldıqları diplomların lazımsız kağız parçasından başqa bir şey olmadığını anlatmışıq;
Cavablandırılan sualları faizə çevirərək, imtahandan “üzüağ” çıxanları paytaxtın mərkəzində, “ortababları” ətraf və ucqarlarda cəmləşdirmiş, “üzüqaraları” isə çıxdaş edib, ildən ilə minlərlə süni vakant yerlər yaratmaqla regionların inkişafına öz “layiqli töhfəmizi” vermişik;
Pərakəndəliyi aradan qaldırmaq əvəzinə, zəruri madi-texniki bazası, elmi, pedaqoji, kadr potensialı və digər infrastrukturları nəzərə almadan, bütün institutları ucdantutma universitetlərə və akademiyalara çevirmiş, tam fərqli statuslara malik olan bu elm və təhsil müəssisələrıni eyniləşdirmişik;
İnstitutlara da, əlavə təhsil proqramları həyata keçirmək, fundamental və tətbiqi elmi tədqiqatlar aparmaq və digər çox spektrli sahələrlə məşğul olmaq kimi səlahiyyətlər verməklə, onları birbaşa funksiyalarından- konkret ixtisaslar üzrə ali təhsilli mütəxəssis hazırlamaq vəzifəsindən yayındırmışıq;
Özəl təhsil muəssisələrinin sayını və dövlət ali təhsil müəssisələrində ödənişli təhsilin xüsusi çəkisini artıraraq, ölkə üzrə təhsil alan hər üç tələbədən ikisini ödənişə cəlb etməklə, Təhsil Qanununun “Azərbaycan Respublikasında dövlət təhsil müəssisələri bilavasitə mənfəət əldə etmək məqsədi güdmür” maddəsini şübhə altında qoymuşuq;
2006-cı ildən Bolonya prosesinə qoşulmaqla, Avropa təhsilinə inteqrasiya etmək, təhsilimizi beynəlxalq standatlara uyğunlaşdırmaq əvəzinə, onun tövsiyə və şərtlərini özününkiləşdirərək, tələbələr üçün əlavə problemlər yaratmış, etiraz və aksiyaların keçirilməsini qaçılmaz etmişik;
Əhalinin sosial durumu və universitetlərin verdiyi təhsilin keyfiyyəti nəzərə alınmadan, təhsil haqlarının ödənişini dəfələrlə qaldırmış, təhsil kreditlərinin sayını ilbəil artırmış, “Təhsil krediti haqqında” Qanunun qəbulunu bu günədək ərsəyə gətirə bilməmişik;
Abituriyentlərə bir neçə ixtisas və bir neçə ali məktəb seçmək hüququ verməklə, həkim olmaq istəyəni bioloqa , hüquqşünas olmaq istəyəni tarixçiyə, tarixçi olmaq istəyəni kitabxanaçıya çevirib, çarəsiz “zorən” diplomçular ordusu yaratmışıq;
Biloqu tibb fakültəsinə, kitabxanaçını hüquqa köçürməklə, təhsilimizin qara ləkəsi olan qanunsuz tələbə köçürmələrinin kütləvi hal almasna rəvac vermiş, ali məktəblərə daxil olanlarla bitirənlər arasında kəskin fərq yaranmasna seyrçi münasibət bəsləmişik;
Yüksək çinli təhsil məmurlarının da, qatıldıqı saxta diplom yarışında bir para işbazların at oynatmasına göz
Hüquqşünas, diplomat, polis, həkim, müəllim, mühəndis, aqronom və s bu kimi ixtisaslara tam fərqli keçid balı tətbiq etməklə, gələcək mütəxəssislərimizə qabaqcadan hansı peşənın gəlirli hansınınsa gəlirsiz olması hisslərini aşılamış, bəzi peşələri və peşə sahiblərini yüksəldərək, digərlərini aşağılamışıq;
Bir sıra ixtisaslara keçid balını 150-yə endirməklə, klassik qiymtləndirmədə “2” –yə bərabər tutulanları ali məktəb tələbəsi etmiş, səviyyəsiz universitetlərin qəbul planını doldurmaqla yanaşı, həmin ixtisaslara və bu ixtisası seçənlərə bəri başdan “perspektivsiz” damğasını vurmuşuq…
Hansını deyim… 5-dir, 10-dur, 15-dir…? Deməyim odur ki, mövcud “İslahat Proqram”ın tələbləri tam yerinə yetirilmədən, növbəti islahatlara lüzum görmürəm. Hələ bir, etməli olduqlarımızı edək, sonra daha nə edəcəklərimiz barədə düşünək..
O ki, qaldı mənim təhsildə hansı islahat gözləməyimə, mənəviyyatın formalaşmasına xidmət edə biləcək islahatlara böyük ehtiyacımız var. Çünki, mənəviyyat olmadan, istənilən islahat əhəmiyyətsiz olacaq…
Nadir İsrafilov
Xeberlenti.com
