Yusif Nəbiyev:“Erkən nikahın təşkili, qanunla cinayət sayılır”

Son vaxtlar sosial şəbəkələrdə evlənənlərin arasında yaş fərqinin çox olmasının şahidi oluruq. Qızlar özlərindən 10 yaş + şəxslərlə ailə həyatı qururlar. Yaş fərqinin çox olmasına fikir vermirlər. Ən pis hal isə bundadır ki , həmin qızların çoxunun hələ 18 yaşı tamam olmayıb.

Maraqlıdır , bu problemin qarşını almaq üçün Dövlət Statistika Komitəsi hansı tədbirləri görməlidir ?

Mövzu ilə bağlı sosioloq Yusif Nəbiyev “Xeberlenti.com”a açıqlamasında bildirib ki , yaş fərqləri böyük olan fərdlərin evlənməsi , xüsusilə 18 yaşı tamam olmayan qızların belə evliliklərə cəlb edilməsi Azərbaycan cəmiyyətində təkcə hüquqi yox, eyni zamanda dərin sosial-mental bir problemdir:

  “Burada məsələ təkcə qızların “böyük kişiləri seçməsi” deyil, əslində cəmiyyətin və ailələrin yaratdığı gözlənti və məhdudiyyətlərdir. Cəmiyyət o qədər “təhlükəsizlik”, “qurtuluş”, “namus” ideyalarını qız uşaqlarının başına yeridir ki, onlar bu evliliyi bəzən öz seçimləri kimi görməyə başlayırlar. Halbuki, bu qərar azad iradədən daha çox sosial təzyiqin məhsuludur.
       Aidiyyəti dövlət qurumları bu problemi həll etmək üçün təkcə maarifləndirmə tədbirlərinə yox, real icra mexanizmlərinə köklənməlidir”.

Sosioloq erkən nikahın qarşısının alınması üçün hansı tədbirlərin görülməsindən də danışıb:

  “Erkən nikahların qarşısını almaq üçün yerli icra hakimiyyətlərində və icmalarda monitorinq sistemləri qurulmalı, nikah öncəsi yaş yoxlaması ciddi şəkildə tətbiq edilməlidir. Sadəcə “qadağandır” deməklə iş bitmir. Əgər qanun sadəcə kağız üzərində mövcuddursa, amma faktiki olaraq kəndin ortasında toy çadırı qurulubsa və 16 yaşlı qızın toy məclisi keçirilirsə, deməli, icra mexanizmləri işləmir. Yalnız bu mexanizmlərin funksionallığı təmin olunandan sonra, ailələrə yönəlik hüquqi və mədəni-sosial maarifləndirmə işləri aparılmalıdır.
      18 yaşı tamam olmayan şəxsin müstəqil qərar verə bilməsi məsələsi, sosioloji aspektdən dəyərləndirsək, çox şübhəlidir. Bu danılmaz faktdır ki, cəmiyyətin mövcud dəyərləri və normaları fərdin qərarlarını formalaşdırır. Xüsusən, bu yaşda insanın qərarı, əslində, ailənin, ətraf mühitin və cəmiyyətin diktəsi altında formalaşır. “Müstəqil seçim”, “azad iradə” deyib keçmək, reallığı görməmək, bəlkə də, görmək istəməməkdir.
      Ona görə burada valideynlərin məsuliyyəti açıqdır! Erkən nikahın təşkili, qanunla cinayət sayılır və buna görə də təşkilatçılar inzibati və hətta cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Amma burada da məsələ təkcə cəza ilə bitmir. Valideynlərin sosial-iqtisadi şəraitlərini yaxşılaşdırmadan onları bu düşüncə tərzindən çıxarmaq çətin olacaq. Yəni, məsələyə sistemli yanaşma lazımdır. Əks halda özümüz yazıb, özümüz oxumağa davam edəcəyik”.

 

Kəmalə Vəliyeva

About Author