Azı faydalı, çoxu zərərlidir!

Yay aylarında açıq havada daha çox vaxt keçirir, dəniz və hovuza üz tuturuq. Lakin bu fəsildə zövqlə yaşadığımız anların sağlamlığımıza mənfi təsir etməməsi üçün müəyyən risklərə qarşı tədbir görmək mütləqdir. Dermatologiya mütəxəssisi Dr. Didem Kazan günəşin zərərli təsirlərindən qorunmağın yollarını sadalayıb.

“Xeberlenti.com” “Pembenar”a istinadən xəbər verir ki, özünüzü günəş kremi ilə qoruyun.
Ən azı SPF 30 və daha yüksək qoruma səviyyəsinə malik günəş kremlərindən istifadə edin. Bəzən bu mövzuda müxtəlif fikirlər səslənsə də, günəş qoruyucularının uzunmüddətli istifadəsinin kanserogen (xərçəngtörədici) təsir göstərdiyini sübut edən hər hansı ciddi elmi araşdırma yoxdur. Əksinə, bir çox araşdırmalar mütəmadi günəş kremi istifadəsinin dəri xərçəngi riskini azaltdığını göstərir. Buna görə də günəş kremi istifadə etmək, dəri xərçəngindən qorunmağın effektiv yollarından biridir.

Qış aylarında da günəşdən qorunmağı unutmayın!
Ultrabənövşəyi (UV) şüalar həm şüşədən, həm də buludlardan keçərək dəriyə təsir edə bilir. Bu səbəbdən yalnız yayda deyil, qışda da – istər günəşli, istərsə də buludlu havalarda – evdə və ya çöldə olmağınızdan asılı olmayaraq, mütəmadi olaraq günəş kremi tətbiq etmək tövsiyə olunur.

Geniş kənarlı papaq və günəş eynəyi taxın.
Günəşə məruz qalan dəri sahəsi nə qədər az olsa, dərinin zədələnmə ehtimalı da o qədər azalır. Bu məqsədlə xüsusilə üz, qulaq və boyun nahiyəsini örtən geniş kənarlı papaqlar və günəş eynəkləri istifadə edin. Mümkünsə, UV filtrləri olan modellərə üstünlük verin. Həmçinin, qolları və ayaqları örtən nazik və açıq rəngli geyimlər də bədəni günəşin zərərli təsirlərindən qorumağa kömək edir.

Saat 10:00-dan 16:00-a qədər günəşin altında qalmayın.
Bu saatlar günəş şüalarının ən güclü olduğu zaman aralığıdır. Xüsusilə bu vaxtlarda birbaşa günəş şüalarına məruz qalmaq dəridə yanıq, qocalma və xərçəng riskini artırır. Bu səbəblə, mümkün qədər kölgədə qalmaq və bu saatlarda açıq havada fəaliyyətdən çəkinmək tövsiyə olunur.

Unutmayın, günəş həyat mənbəyidir, amma ondan düzgün şəkildə faydalanmaq sağlamlıq baxımından olduqca önəmlidir.

Kəmalə Vəliyeva

About Author