DİM: “Hər bir imtahanda asan, orta və çətin tipli test tapşırıqlarından istifadə edilir” – RƏSMİ

“Hər bir imtahanda asan, orta və çətin səviyyəli test tapşırıqlarından istifadə olunur. Çünki imtahan yalnız zəif və orta hazırlıqlı abituriyentləri deyil, yüksək hazırlıqlı iştirakçıları da fərqləndirməyi hədəfləyir”.

Bu fikirləri Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə “Xeberlenti.com”a açıqlamasında bildirib.

Onun sözlərinə görə, uzun illər ərzində aparılan statistik təhlillər göstərir ki, müxtəlif vaxtlarda keçirilən eyni tipli imtahanlarda iştirakçıların orta bal göstəriciləri statistik xəta həddini aşmır:


“Bu da onu göstərir ki, imtahanların ümumi çətinlik səviyyəsi stabil saxlanılır və nəticələrə kənar təsir etmir”
.

Xanlar Xanlarzadə əlavə edib ki, keçid balları imtahanlardan dərhal sonra deyil, yalnız ixtisas seçimi mərhələsində formalaşır:

“Keçid balı abituriyentlərin imtahan nəticələri, ümumi iştirakçı sayı və plan yerləri əsasında müəyyən edilir. Hazırda qəbul imtahanlarının ikinci mərhələsi hələ keçirilməyib. Müsabiqədə iştirak edəcək namizədlərin dəqiq sayı yalnız bundan sonra bəlli olacaq. DİM ixtisas seçimi mərhələsinə qədər bütün zəruri məlumatları ictimaiyyətə təqdim edəcək. Yalnız bu məlumatlar əsasında keçid balları barədə konkret fikir söyləmək mümkündür”.

Kəmalə Vəliyeva – Xeberlenti.com

About Author