Əmrah Həsənli: Bəzi ixtisaslarda keçid balında 20-30, hətta 40 bala qədər artım mümkündür”

Abituriyentlər birinci cəhd blok imtahanlarını artıq arxada qoyublar. İndi isə qarşıda onları ikinci cəhd imtahanı gözləyir. Həm abituriyentlər, həm də valideynlər birinci mərhələdə təqdim olunan sualların çətinliyindən narazılıq ediblər. Paralel olaraq, ixtisas seçimi mərhələsi də yaxınlaşır.

Bəs bu il keçid ballarında artım olacaqmı?

Mövzu ilə bağlı Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli “Xeberlenti.com”a açıqlamasında bildirib ki, abituriyentlərin əksəriyyəti birinci cəhdin suallarını çətin hesab edib:

“Bu şikayətlər müxtəlif səbəblərlə bağlı ola bilər. Bəzi abituriyentlər sualların daha çox məntiqi düşünməyə əsaslandığını, digərləri isə fənlərarası uyğunluğun mürəkkəb qurulduğunu vurğulayır. Bununla belə, Dövlət İmtahan Mərkəzi bu kimi tendensiyaları izləyir və ehtiyac olduqda çətinlik səviyyəsini balanslaşdırmağa çalışır. Mümkündür ki, ikinci cəhd imtahanında suallar struktur baxımından daha uyğunlaşdırılmış şəkildə təqdim olunsun. Lakin bu, imtahanın asan olacağı demək deyil. Əksinə, ikinci mərhələdə adətən daha ciddi və məqsədli hazırlaşan abituriyentlər iştirak edir və bu da həm seçiciliyi, həm də rəqabəti artırır”.

Onun sözlərinə görə, bu il prestijli ixtisasların keçid ballarında artım gözləniləndir:

“İxtisas seçimi dövrü artıq qapıdadır. Xüsusilə prestijli ixtisaslara olan marağın artması keçid ballarında müəyyən yüksəlişlərə səbəb ola bilər. Tibb, hüquq, informasiya texnologiyaları, maliyyə və beynəlxalq münasibətlər kimi sahələrə maraq hər il olduğu kimi bu il də yüksəkdir. Bu isə həmin ixtisaslar üzrə keçid ballarına birbaşa təsir göstərir. Əgər hər iki cəhdin nəticələri ümumilikdə müsbət olarsa, bəzi ixtisaslarda keçid balında 20-30, hətta 40 bala qədər artım mümkündür”.

Əmrah Həsənli eyni zamanda rəqabətin hansı qruplar üzrə daha yüksək olacağına da toxunub:

“Hazırda təhlillər göstərir ki, texnoloji və iqtisadi sahələrə maraq daha çoxdur. Bu baxımdan I və II ixtisas qruplarında ciddi rəqabət gözlənilir. IV qrup üzrə isə Tibb ixtisaslarına maraq ənənəvi olaraq yüksək olaraq qalır. III qrupda isə vəziyyət bir qədər fərqlidir. Xüsusilə hüquq, beynəlxalq jurnalistika və dil ixtisaslarına yönələnlərin sayı çoxdur, bu da burada sıxlıq yarada bilər. Lakin dəqiq fikir bildirmək üçün bütün imtahanlar yekunlaşmalı və nəticələr tam açıqlanmalıdır. Statistik göstəricilər əsasında daha obyektiv qiymətləndirmə aparmaq mümkündür”.

Ekspert sonda abituriyent və valideynlərə vacib tövsiyə də verib:

“Bu mərhələdə emosional deyil, rasional qərarlar verilməlidir. Seçim zamanı təkcə bal deyil, həmçinin abituriyentin maraqları, bacarıqları və gələcək planları nəzərə alınmalıdır. Unutmaq olmaz ki, ixtisas seçimi təkcə bu gün üçün deyil, həm də uzunmüddətli karyera və həyat yolu üçün atılan strateji addımdır”.

Kəmalə Vəliyeva

About Author