Rusiyada azərbaycanlılara qarşı yönəlmiş təzyiqlər və təxribat xarakterli addımlar davam edir. Bu dəfə azərbaycanlı bir ailə Sankt-Peterburq şəhərindən deportasiya olunub.
“Xeberlenti.com” xəbər verir ki, hadisə şəhərin Nevski rayonunda baş verib.
Yeniyetmələr arasında sosial şəbəkə vasitəsilə başlayan mübahisə daha sonra real qarşıdurmaya çevrilib.
Məlumata görə, 16 yaşlı rus yeniyetmə ilə 13 yaşlı azərbaycanlı məktəbli arasında sosial mediada mübahisə yaşanıb. Tərəflər məsələni üz-üzə müzakirə etmək üçün görüş təyin ediblər. İddiaya görə, 13 yaşlı azərbaycanlı dostları ilə birlikdə 16 yaşlı gəncə fiziki güc tətbiq edib.
Hadisə ilə bağlı araşdırma aparan hüquq-mühafizə orqanları ailəyə qarşı sərt tədbirlər görüblər. Belə ki, davada adı hallanan azərbaycanlı yeniyetmə, onun valideynləri, bacısı və qardaşı da daxil olmaqla ailənin bütün üzvlərinin deportasiya olunmasına qərar verilib.
Qeyd edək ki, bu son günlər Rusiyada azərbaycanlılara qarşı qeydə alınan ilk insident deyil. Bir neçə gün əvvəl Yekaterinburq şəhərində OMON əməkdaşları azərbaycanlıların yaşadığı ünvanlara basqın ediblər. Nəticədə iki nəfər döyülərək qətlə yetirilib, bir neçə nəfər isə saxlanılıb.
Hadisələr Rusiyada yaşayan azərbaycanlılar arasında ciddi narahatlıq yaradıb və ictimaiyyət tərəfindən təxribat kimi qiymətləndirilir.
Kəmalə Vəliyeva – Xeberlenti.com
