Bəzən azyaşlı uşaqlarda əsəbilik və aqressiv davranışlar müşahidə olunur. Bu hallar valideynləri narahat edir və suallar yaradır: Uşaq niyə özünə və ya başqasına zərər vurmaq istəyir? Niyə bu qədər aqressiv davranır?
Mövzu ilə bağlı psixoloq Zəhra Quliyeva “Xeberlenti.com”a açıqlamasında bildirib ki, uşaqlarda müşahidə olunan bu davranışlara dərhal “aqressivlik” etiketi qoymaq doğru deyil. Əvvəlcə uşağın yaşı, mühiti və gündəlik davranışları nəzərə alınmalıdır:

“Uşağın davranışı müəyyən müddət izlənilməlidir. Valideyn bu halların nə vaxtdan başladığını və hansı situasiyalarda baş verdiyini bilməlidir. ‘Aqressivlik’ deyəndə tək bir səbəb nəzərdə tutulmur. Davranış pozuntusu olan uşaqlar bəzən aqressiv kimi qiymətləndirilir. Halbuki bu, psixoloq dəstəyi ilə düzəldilə bilər”.
Psixoloq, uşaqların özünə və başqalarına zərər verməsinin əsas iki səbəbinə diqqət çəkir: diqqətsizlik və diqqət tələb etmək:
“Uşaq ya kifayət qədər diqqət görmür, ya da daha çox diqqət çəkmək istəyir. Bu zaman psixoloq ilk növbədə valideyn-uşaq münasibətinə köklənməlidir. Çünki ailədaxili münasibətlər, uşağın formalaşmasına birbaşa təsir edir. Uşağın davranışı irsi deyil; yaşadığı mühit əsas faktordur”.
Zəhra Quliyeva qeyd edib ki, evdə fiziki və ya psixoloji şiddətə məruz qalan uşaq bir müddət sonra həmin davranışları özü də tətbiq etməyə başlayır:
“Valideyn uşağın davranışına diqqət yetirməli, problemin nə qədər davam etdiyini və ailə daxilindəki münasibətləri dəyərləndirməlidir. Əgər valideyn kobud ifadələrdən istifadə edir və aqressiv davranırsa, uşaq da bu davranışları təkrarlayacaq. Ailədaxili münaqişələr uşağın psixologiyasına təsir göstərir”.
Sonda psixoloq vurğulayıb ki, heç bir uşaq anadangəlmə aqressiv doğulmur. Bu cür davranışlar mühitin və valideyn münasibətlərinin təsirindən yaranır. Ona görə də uşağın davranışındakı dəyişiklikləri anlamadan əvvəl, ailə içindəki münasibətlərə nəzər salmaq vacibdir.
Kəmalə Vəliyeva
