Bəzən abituriyentlər “Müəllim olmaq istəmirəm” deyirlər. Lakin valideynlərin çoxu övladlarının pedaqoji sahədə təhsil almasını arzulayır. Xüsusilə oğlan abituriyentlər müəllimlik peşəsinə maraq göstərmirlər. Bu səbəbdən ixtisas seçimi dövründə valideynlə abituriyent arasında fikir ayrılığı və gərginlik yaranır.
Bəs, uşaqlar niyə pedaqoji sahəni seçmək istəmirlər?
Mövzu ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu “Xeberlenti.com”a açıqlamasında bildirib ki, ixtisas seçimi zamanı valideynlə abituriyent arasında pedaqoji sahə mövzusunda tez-tez mübahisələr yaşanır:

“Bunun bir çox səbəbi var. Əvvəla, cəmiyyətdə müəllim peşəsinə yanaşma məsələsi var. Bəzi gənclər müəllimliyə kifayət qədər nüfuzlu bir peşə kimi baxmırlar. Müəllimlərin maddi təminatı aşağıdır, sosial mediada isə müəllimlər bəzən lağ obyektinə çevrilir. Eyni zamanda, imtahan və sertifikat proseslərinin çoxluğu da müəllimlik peşəsinin cazibəsini azaldır”, – deyə ekspert qeyd edib.
Rizvan Fikrətoğlu oğlan abituriyentlərin pedaqoji sahədən uzaq durmasının səbəblərinə də toxunub:
“Bəzən müəllimliyi yalnız qadın peşəsi kimi təqdim edirlər. Bu isə köhnəlmiş və yanlış yanaşmadır. Məhz buna görə oğlanlar pedaqoji sahəyə maraq göstərmirlər və daha çox texniki, hüquq, hərbi və iqtisadi ixtisaslara yönəlirlər”, – deyə o bildirib.
Ekspert əlavə edib ki, bəzən valideynlər öz reallaşmamış arzularını övladlarına yükləyirlər:
“Hansısa valideyn vaxtilə müəllim olmaq istəyib, amma alınmayıb. Buna görə də həmin arzunu övladında görmək istəyir. Əgər abituriyent pedaqoji sahəyə maraq göstərmirsə, bu, onda narazılıq və imtina hissi yaradır. Nəticədə müəllimliyi məcburi şəkildə seçənlər uğurlu nəticə əldə edə bilmirlər”.
Ekspertin sözlərinə görə, müəllimlik yalnız bilik ötürməkdən ibarət deyil, həm də uşaqlarla işləmək, səbrli olmaq və psixoloji hazırlıq tələb edən bir peşədir:
“Bəzən gənclər bu məsuliyyətin öhdəsindən gələ bilməyəcəklərini düşünürlər. Onlar sosial bacarıq tələb edən peşələrə uyğun olmadıqlarını zənn edirlər”, – deyə o əlavə edib.
Sonda Rizvan Fikrətoğlu bildirib ki, ixtisas seçimi uşağın şəxsi qərarı olmalıdır:
“Həmin ixtisas uşağın gələcəyidir. Maraqsız və məcburi seçimlər gələcəkdə peşədən narazılığa və peşə dəyişməsinə gətirib çıxarır. Müəllimlik müqəddəs bir sənətdir və gələcəkdə bu peşəyə tələbat daha da artacaq”, – deyə o qeyd edib.
Kəmalə Vəliyeva
