“Rusiya Prezidenti Vladimir Putinlə apardığım söhbətdən çox məyus oldum”.
Bu sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov “Xeberlenti.com”a açıqlamasında bildirib ki, son 6 ay ərzində Tramp Rusiyaya verdiyi siqnallara və Putinlə münasibətləri normallaşdırmaq cəhdlərinə baxmayaraq, Kreml onun istəklərinə müsbət reaksiya vermir:

“Rusiya ABŞ-ni yalnız formal şəkildə dialoqa cəlb etməyə çalışır. Münaqişəni uzatmaqla və Ukraynada daha çox ərazi ələ keçirməklə tərəfləri, o cümlədən Amerikanı fakt qarşısında qoymaq niyyətindədir. Putin bu siyasətdən geri çəkilmək niyyətində deyil. Onun bir müddət əvvəl Sankt-Peterburqda keçirilən beynəlxalq forumda səsləndirdiyi fikirlər də bunu deməyə əsas verir”.
Politoloqun sözlərinə görə, Putin Tramp və onun komandasının zəif cəhətlərini yaxşı bilir və məhz bu zəifliklər üzərindən siyasətini qurmağa çalışır:
“Tramp hakimiyyətə gəldiyi gündən verdiyi bəyanatlar və atdığı addımlar arasında ziddiyyətlər olub. Bu səbəbdən də hədəflərinin çoxu reallaşmayıb. Bu baxımdan, Ukrayna müharibəsinin yaxın gələcəkdə də davam edəcəyi gözlənilir. Əgər ABŞ yayılan məlumatlara uyğun olaraq Ukraynaya raket sistemlərinin tədarükünü dayandırarsa, bu, Ukrayna üçün olduqca çətin nəticələr doğura bilər”.
Oqtay Qasımov əlavə edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski Tramp ilə telefon danışığında amerikalı tərəfdaşları inandırmağa çalışacaq:
“Zelenski Aİ-nin ayırdığı maliyyə vəsaitləri hesabına ABŞ silahlarının alınmasına razılıq verilməsini istəyəcək. Əgər bu baş tutsa, Ukraynanın müdafiə qabiliyyəti müəyyən qədər qorunacaq. Prosesin necə inkişaf edəcəyi ABŞ-ın bundan sonra atacağı addımlardan asılı olacaq. Əgər Tramp administrasiyası əvvəlki dövrdə olduğu kimi sərt siyasət yürütməyə başlasa, bu, Rusiya üçün ciddi çətinliklər yaradacaq. Lakin hələlik görünən odur ki, Tramp Rusiya ilə bağlı məsələlərdə tələsmir. ABŞ Senatında Rusiyaya qarşı sanksiyaların tətbiqinə dair 83 senatorun imzaladığı qanun layihəsi var, lakin onun nə vaxt qəbul ediləcəyi məlum deyil. Əgər Tramp-Putin danışıqları nəticə verməsə, bu istiqamətdə yeni addımların atılması gözlənilir. ABŞ hələlik diplomatik yollarla Rusiyanı danışıqlar masasına gətirməyə çalışacaq”.
Politoloq həmçinin bildirib ki, Tramp və Putin arasında keçirilən görüşdə yalnız Rusiya-Ukrayna savaşı deyil, həm də İran-İsrail münasibətləri müzakirə olunub:
“Bu məsələdə tərəflərin mövqeyi kifayət qədər aydındır. Rusiya neytral mövqe nümayiş etdirməyə çalışsa da, həm İsraillə, həm də İranla dərin əlaqələrə malikdir. Müharibə dövründə Rusiya hər iki tərəfə qarşı ehtiyatlı davranıb. BMT Təhlükəsizlik Şurasında Rusiya zaman-zaman İranın mövqeyini dəstəkləsə də, real addımlar atmır. Yəqin ki, bu mövqeyi gələcəkdə də dəyişməyəcək. Hazırda ABŞ Rusiyaya qarşı korrekt mövqe sərgiləməklə onun neytrallığını qorumağa, əsas diqqətini isə Sakit okean regionuna yönəltməyə çalışır”.
Sonda politoloq qeyd edib ki, Tramp və Zelenski arasında keçiriləcək növbəti telefon danışığında da bu məsələlər diqqət mərkəzində olacaq:
“Tərəflər bir müddət əvvəl NATO sammitində bu mövzuları müzakirə ediblər və hər iki tərəf dialoqlardan razı qaldığını bildirib. Zelenski ABŞ Prezidentini Ukraynaya dəstəyi davam etdirməyə inandırmağa çalışacaq. ABŞ bu dəstəyi birbaşa şəkildə deyil, Avropa İttifaqının ayırdığı maliyyə vəsaitləri vasitəsilə həyata keçirə bilər. Artıq Trampın nümayəndəsi bu istiqamətdə ilkin açıqlama da verib”.
Kəmalə Vəliyeva
Xeberlenti.com
