İran-İsrail arasında yenidən müharibə gözlənilirmi? – AÇIQLAMA

 

İslam Respublikası nüvə proqramını bərpa edərsə, İsrail İran ərazisinə yeni zərbələr endirə bilər. Bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.

Bəs hazırkı mərhələdə İran-İsrail münasibətləri hansı istiqamətdə inkişaf edir?

Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “Xeberlenti.com”a açıqlamasında bildirib ki , hazırkı mərhələdə İran-İsrail münasibətləri qarşılıqlı etimadsızlıq və kəskin təhdidlər fonunda inkişaf edir:


“İsrail İranın nüvə ambisiyalarını öz varlığına təhlükə kimi qiymətləndirir. Bu istiqamətdə diplomatik və hərbi tədbirləri paralel şəkildə davam etdirir. Tehranın isə bölgədə təsir dairəsini genişləndirmək cəhdləri, xüsusilə HƏMAS, Hizbullah kimi proksi qüvvələrinə dəstəyi Təl-Əvivin narahatlığını daha da artırır.

Diplomatik kanallar bağlıdır, tərəflər daha çox vasitəçilər üzərindən mesaj ötürür. İsrailin siyasi rəhbərliyi, xüsusilə də hazırkı hökumət koalisiyası, hərbi preventiv zərbələri istisna etmir və ictimaiyyət qarşısında açıq şəkildə bu mövqeyi müdafiə edir. Digər tərəfdən, İran da hərbi imkanlarını gücləndirməyə davam edir və öz növbəsində İsrailin potensial hücumlarına qarşı sərt cavab veriləcəyini bəyan edir”.

Politoloqun sözlərinə görə, tərəflər arasında açıq müharibə ehtimalı az deyil:

“Hər iki ölkə birbaşa qarşıdurmadan yayınmağa çalışsa da, hərbi insidentlər, hava hücumları və regiondakı üçüncü tərəflərin iştirakı ilə baş verə biləcək toqquşmalar vəziyyəti nəzarətdən çıxara bilər. Beləliklə, İran-İsrail münasibətləri hazırda müharibə və ya diplomatik qopma arasında təhlükəli bir tarazlıqda dayanır”.

Kəmalə Vəliyeva

About Author