27–28 iyun 2025-ci il tarixlərində jurnalist Türkanə Səfərova və Qarabağ müharibəsi veteranı Simarə Süleymanovanın təşəbbüsü ilə bir qrup şəhid ailəsi üzvü, qazi, müharibə veteranı və ictimai fəal Şuşa, Xankəndi, Laçın və Qubadlıya səfər edib.
Səfərin məqsədi işğaldan azad edilən torpaqlara ziyarət, vətənpərvərlik dəyərlərinin gücləndirilməsi və ictimai yaddaşın möhkəmləndirilməsi olub. İştirakçılar arasında qazilər, şəhid anaları, ictimai fəallar və veteranlar yer alıb.
Şuşada keçirilən tədbirdə “Nur” xalça evi tərəfindən hazırlanan şəhid portretli xalça sərgisi nümayiş olunub, məktəblilərin musiqili çıxışları təqdim edilib. Səfər çərçivəsində həmçinin Xankəndi, Qubadlı və Laçın şəhərlərində görüş və ziyarətlər baş tutub.
Jurnalist Türkanə Səfərova bildirib ki, azad edilmiş ərazilərdə şəhid anaları ilə birlikdə olmaq mənəvi baxımdan böyük məsuliyyətdir:
“Bu səfərlər şəhid ailələri və qazilər üçün həm mənəvi dəstək, həm də tarixi ədalətin bərpasının simvoludur”.
Təşkilatçılardan Simarə Süleymanova isə qeyd edib ki, belə təşəbbüslər qazilərə və şəhid ailələrinə göstərilən ehtiramın təcəssümüdür.
Səfər iştirakçıları – şəhid mayor Elçin Alıyevin anası Alıyeva Alıyə, qazi İsmayılov Tacəddin və digərləri bu təşəbbüsə görə təşəkkürlərini bildirərək, belə tədbirlərin davamlı olmasının vacibliyini vurğulayıblar.
Türkanə Səfərova və Simarə Süleymanova bundan əvvəl də vətənpərvərlik yönümlü layihələrə imza atıblar. Onların fəaliyyəti milli ruhun gücləndirilməsinə və şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə xidmət edir.
Xeberlenti.com
