Heqset Ukraynaya silah tədarükünü Ağ Evə məlumat vermədən dayandırıb

ABŞ müdafiə naziri Pit Heqset keçən həftə Ukraynaya bəzi silah tədarüklərini Ağ Evə məlumat vermədən dayandırıb.

“Xeberlenti.com” xəbər verir ki, bu barədə CNN öz mənbələrinə istinadla xəbər verir.

Bildirilib ki, bu addım Administrasiyada narahatlıq yaradıb – rəsmi şəxslər dayanmanın səbəbini və Konqresə necə izah olunacağını müzakirə edirlər. Xarici işlər naziri Marko Rubio və Ukrayna üzrə xüsusi nümayəndə Kit Kelloq da qərarı mediadan öyrəniblər.

Mənbələrin sözlərinə görə, çərşənbə axşamı Nazirlər Kabinetinin iclasında tədarüklərdə fasiləyə kimin icazə verdiyi barədə suala cavab olaraq Tramp belə deyib: “Bilmirəm, bəlkə bunu siz mənə deyəsiniz?”

Pentaqon isə bildirib ki, qərar mövcud ehtiyatların qiymətləndirilməsi məqsədilə verilib və bu proses hökumətlə koordinasiyalı şəkildə aparılıb.

Buna baxmayaraq, Tramp daha sonra bildirib ki, Ukraynaya silah tədarükü artırılmalıdır və bu, əsasən müdafiə xarakterli silahları əhatə edəcək. Artıq Kiyevə bəzi müdafiə xarakterli silahların verilməsi bərpa edilib.

Kəmalə Vəliyeva

About Author