Muğam – xalqımızın ruhunun, tarixinin və mədəni kimliyinin tərənnümüdür. Bu sənətin daşıyıcıları isə nəinki səsə, həm də böyük məsuliyyətə sahib olmalıdırlar. Belə sənətkarlardan biri də Qarabağ torpağının yetirməsi, istedadlı xanəndə Murad Kəngərlidir. O, ifasında təkcə musiqi yox, həm də torpağın nəfəsi, xalqın qüruru və milli dəyərlər əks olunur. Sənətə gəlişi təsadüf yox, ailədən və torpaqdan gələn ilhamla başlayıb.
O muğam sənətinin incəliklərindən, gənclərin bu sahəyə marağından və gələcək planlarından “Xeberlenti.com”-a danışdı.
Bu müsahibədə həm bir sənətkarın həyat yoluna, həm də muğam sənətinin bugünkü vəziyyətinə işıq salınır.
– Murad bəy, ilk olaraq oxucularımıza özünüzü tanıdardınız. Musiqi ilə yolunuz necə başladı?
– Xanəndə Kəngərli Murad Vəzir oğlu – Qarabağın toy otağı sayılan Ağdamda dünyaya göz açmışam. Musiqiyə marağım ailə mühitindən başladı. Atam evdə daim muğam dinləyirdi və özü də gözəl səsə sahib olduğundan oxuyurdu. Bu mühit məndə musiqiyə dərin maraq oyatdı. Xalq artisti, professor Arif Babayevin əsrarəngiz səsi isə kiçik yaşlarımdan məni muğam dinləyicisinə çevirdi.
Zamanla özüm də evdə oxumağa başladım. Ailəm, xüsusilə bibim istedadımı kəşf etdi və Ağdam şəhərində yerləşən Cabbar Qaryağdı oğlu adına musiqi məktəbində muğam təhsili almağıma dəstək oldular. Orada Əbülfət müəllim və Barat müəllimdən dərs aldım. Daha sonra Şuşa Humanitar Kollecində Əməkdar artist, operamızın Məcnunu Səbuhi İbayevdən və Əməkdar müəllim Qəzənfər Abbasovdan muğamın incəliklərini öyrəndim.
2012-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil oldum və xalq artisti, professor Səkinə İsmayılovanın tələbəsi oldum. Bu mərhələdən sonra artıq peşəkar səhnə həyatım başladı. 2013-cü ildə Televiziya Muğam Müsabiqəsinin diplomantı oldum və tamaşaçı rəğbəti diplomuna layiq görüldüm. 2015-ci ildə isə Macarıstanda keçirilən beynəlxalq müsabiqədə birinci yerə layiq görüldüm. Beləcə peşəkar musiqiçi kimi sənət yoluma başladım və böyük həvəslə bu yolda irəliləyirəm.
– Muğam sənəti sizin üçün nə ifadə edir?
– Muğam sənəti mənim üçün insan hisslərinin ali dərəcədə tərənnümüdür. Çünki muğam duyğuların dərinliklərinə vara bilənlərin anlaya bildiyi bir sənətdir. Onu sevən çoxdur, lakin anlayan insanlar mənəvi zənginliyə sahib olanlardır. Bu sənət düşüncə və ruh dünyasını zənginləşdirən nadir irsdir.
– Müasir dövrdə gənclərin muğama marağı varmı? Bu sizi qane edirmi?
– Bəli, tam səmimiyyətlə deyə bilərəm ki, bu gün gənclər arasında muğama maraq yetərincədir. Artıq 15 ildir müəllimlik fəaliyyəti ilə məşğulam və bu illər ərzində çoxsaylı tələbə yetişdirmişəm. Onlardan biri də Turşsu Uşaq Musiqi Məktəbində dördüncü sinif şagirdim Rüfət Axundovdur. O, bu yaxınlarda Ağdam Muğam Mərkəzinin açılışında, cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin qarşısında çıxış etdi və alqışlarla qarşılandı. Bu da göstərir ki, gənc nəsil arasında bu sənətə bağlılıq güclüdür.
– Sizcə, bir xanəndədə hansı xüsusiyyətlər olmalıdır ki, onu əsl sənətkar adlandıraq?
– Xanəndəlik – ağır və məsuliyyətli bir addır. Bu sözün özündə “xan” kəlməsi yer alır ki, bu da yüksək mədəniyyət, ağa yanaşma və ləyaqət tələb edir. Yalnız sənətin sirlərinə yiyələnmək deyil, həm də insanlıq sənətində püxtələşmək vacibdir. Əsl xanəndə həm sənəti, həm də əxlaqı ilə seçilməlidir. Sənətkar olmaq üçün sadəcə səs kifayət etmir – bu, böyük mənəvi məsuliyyət və davranış tərzini də əhatə edir.
– Repertuarınızı necə seçirsiniz? Muğamdan başqa janrlara da müraciət edirsinizmi?
– Peşəkar səhnəyə ilk addımlarımda ustadlarımın dəstəyi ilə repertuar formalaşdırdım. İllərdir birgə çalışdığım tar ifaçısı, Milli Konservatoriyanın müəllimi, konsertmeyster İlhamiz İsmayılovla repertuar seçimlərini birlikdə edirik. Muğamla yanaşı, klassik milli estrada mahnılarına da müraciət edirəm. Həmçinin Türkiyə türkcəsində və Qazax türkcəsində də ifalar edirəm.
– Son olaraq, gələcək planlarınız haqqında nə deyə bilərsiniz?
– Gələcəkdə ən böyük arzularımdan biri Türk dünyasında sevilən, tanınan və dəyər verilən bir sənətkar olmaqdır. Bu yolda var gücümlə çalışmağa davam edəcəyəm.
H.Məmmədov
“Xeberlenti.com”
