Psixologiya ixtisasının qiyabi tədrisi narahatlıq doğurur: Mütəxəssislər xəbərdarlıq edir

Son vaxtlar bəzi ali təhsil müəssisələrinin psixologiya ixtisasını qiyabi formada tədris etməsi təhsil ictimaiyyətində ciddi narahatlıq yaradıb. Artıq Sumqayıt Dövlət Universiteti, Odlar Yurdu Universiteti və Qərbi Kaspi Universiteti psixologiya sahəsi üzrə qiyabi qəbul elan edib. Mütəxəssislər isə hesab edirlər ki, bu yanaşma yalnız təhsil sisteminə deyil, ümumilikdə cəmiyyətin psixi sağlamlığına mənfi təsir göstərə bilər.

Mövzu ilə bağlı fikirlərini bölüşən Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli “Xeberlenti.com”-a bildirib ki, psixologiya sahəsi nəzəri biliklərlə yanaşı, yüksək səviyyədə praktik hazırlıq tələb edən bir peşədir.
Onun sözlərinə görə, insan davranışını düzgün anlamaq, psixoloji diaqnoz qoymaq və effektiv dəstək göstərmək üçün yalnız mühazirələrə qatılmaq və kitab oxumaq kifayət etmir:

“Bu sahədə uğurlu fəaliyyət göstərmək üçün insanlarla birbaşa təmasda olmaq, müşahidə aparmaq və real hallarla işləmək vacibdir. Qiyabi formada təhsil alan tələbələr isə bu imkanlardan yetərincə yararlana bilmirlər. Nəticədə isə peşəkar hazırlıqda ciddi boşluqlar yaranır. Səriştəsiz psixoloq isə cəmiyyət üçün potensial təhlükəyə çevrilə bilər”.

Əmrah Həsənli əlavə edib ki, psixoloq insan psixikasına birbaşa təsir göstərən, yüksək məsuliyyət tələb edən bir peşə sahibidir. Onun fikrincə, bu sahəyə hazırlıq prosesi zəif təşkil olunarsa, gələcəkdə fəsadları ağır ola bilər:

“Yanlış verilmiş məsləhət, qeyri-dəqiq diaqnoz və ya düzgün aparılmayan psixoloji müdaxilə insana fayda vermək əvəzinə ciddi zərər yetirə bilər. Bu baxımdan psixologiya ixtisasının qiyabi tədrisi ziddiyyətli və risklidir. İnkişaf etmiş ölkələrdə bu sahə yalnız əyani formada, praktiki məşğələlərlə və ciddi nəzarətlə öyrədilir. Bizdə isə bu proses tədricən praktik bazadan uzaqlaşaraq, yalnız diplom əldə etməyə yönəlik bir formaya çevrilir”.

Ekspert vurğulayıb ki, cəmiyyət psixoloqlara həm güvənir, həm də onlardan psixoloji dayaq gözləyir. Əgər bu güvən sarsılarsa, nəticələr təkcə fərdi yox, ümumi sosial mühiti də sarsıda bilər:

“Bu səbəbdən psixologiya ixtisasının yalnız əyani və praktik imkanlara malik ali təhsil müəssisələrində tədrisinə icazə verilməlidir. Əgər bu məsələ vaxtında tənzimlənməzsə, sabah insanlara psixoloji dəstək verməli olan şəxslər özləri bu sahədə səriştəsiz olacaq. Cəmiyyətin psixoloji dayanıqlığı belə yanaşmalardan zərər görə bilər. Gələcəyin ‘psixoloqları’ diplom sahibi ola bilərlər, amma bu, onların peşəkar və etibarlı mütəxəssis olduqları anlamına gəlmir.”.

Qeyd edək ki, bir çox ölkələrdə psixologiya sahəsində fəaliyyət göstərmək üçün əlavə sertifikatlaşdırma, klinik təcrübə və superviziya mərhələlərindən keçmək tələb olunur. Mütəxəssislər Azərbaycanın da bu təcrübədən faydalanaraq sahəyə daha ciddi nəzarət mexanizmləri tətbiq etməsinin vacibliyini vurğulayırlar.

Xeberlenti.com

About Author