“Kənd məktəbindən ölkə birinciliyinə: Uğurun səssiz qəhrəmanı”

Fərəcli Fərid Vidadi oğlu 3 aprel 1994-cü ildə Astara şəhərində anadan olmuşdur. O, 2000-ci ildə Cəlilabad rayonunun N. Alışanov adına Maşlıq kənd tam orta məktəbinin birinci sinfinə daxil olaraq təhsil həyatına başlamışdır. Orta təhsilini 2009-cu ildə başa vuran Fərid müəllim həmin il Astara Pedaqoji Kollecinə qəbul olmuş, informatika müəllimliyi ixtisası üzrə təhsil almış və 2012-ci ildə kolleci müvəffəqiyyətlə bitirmişdir.

Təhsilə və müəllimlik peşəsinə olan həvəsi onu daim inkişaf etməyə və biliklərini daha da təkmilləşdirməyə sövq etmişdir. Bu məqsədlə o, 2019-cu ildə Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında iştirak edərək uğur qazanmış və Cəlilabad rayonunun Hacıcavad kənd ümumi orta məktəbində müəllim kimi pedaqoji fəaliyyətə başlamışdır. Bir il sonra – 2020-ci ildə – yerdəyişmə edərək təhsil aldığı doğma məktəbə, Maşlıq kənd tam orta məktəbinə qayıtmış və burada informatika müəllimi kimi fəaliyyətini davam etdirməkdədir.

Fərid müəllim yalnız məktəb çərçivəsində pedaqoji fəaliyyətlə kifayətlənməyərək, tədris resurslarının hazırlanması işinə də töhfə vermişdir. O, informatika üzrə bələdçi kitabların və “Müəllimə Dəstək” test toplusunun həmmüəllifidir. Bu vəsaitlər həm müəllimlər, həm də şagirdlər üçün əhəmiyyətli mənbə rolunu oynayır.

Peşəkar inkişafı davam etdirən Fərid Fərəcli 2021-ci il MİQ imtahanında 60 ballıq sistem üzrə 52 bal toplayaraq region birincisi adını qazanmışdır. 2025-ci ildə isə ilk dəfə keçirilən müəllimlərin sertifikatlaşdırma imtahanında 60 baldan 54 bal toplayaraq yüksək nəticə göstərmişdir. Elə həmin il MİQ imtahanında maksimum – 100 bal toplayaraq ölkə birincisi olmuşdur. Bu uğur onun yüksək hazırlıq səviyyəsini və pedaqoji peşəkarlığını bir daha sübut etmişdir.

Fərəcli Fərid öz sahəsində daim inkişaf edən, təhsilə olan bağlılığı və fədakarlığı ilə seçilən müəllimlərdəndir. Onun uğur hekayəsi gənc müəllimlər üçün nümunədir.

Xeberlenti.com

About Author