Sumqayıt şəhərində Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərə – Tovuz döyüşlərinin şəhidlərinə həsr olunan “Zəfərə gedən yol” adlı tədbir keçirilib. Tədbir Şəhid ailələrinin Şuşaya səfərini təşkil etmiş jurnalist Türkanə Səfərova və Qarabağ müharibəsi veteranı Simarə Süleymanovanın təşkilatçılığı ilə baş tutub. “Zəfərə gedən yol” adlı tədbirin məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsini yad etmək və onların ailələrinə mənəvi dəstək göstərmək idi. Tədbirdə şəhid anaları, vətən müharibəsi iştirakçıları, ictimai xadimlər, jurnalistlər və mədəniyyət nümayəndələri iştirak ediblər.
Jurnalist Türkanə Səfərova çıxışında Azərbaycanın ərazi bütövlüyünün bərpasını tarixi Zəfər adlandıraraq, bu şanlı qələbəyə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib. O qeyd edib ki, Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz torpaqlarımızı işğaldan azad etdi və xalqımıza qürur hissi yaşatdı. Türkanə xanım şəhidlərin canı və qanı bahasına əldə edilən bu zəfərin heç zaman unudulmamalı olduğunu vurğulayıb. O belə tədbirlərin gənc nəslin vətənpərvər ruhda tərbiyəsində mühüm rol oynadığını bildirib.
Qeyd edək ki, Türkanə Səfərova uzun illərdir ki, həm ölkə daxilində, həm də xarici ölkələrdə vətənpərvərlik ruhunu təşviq edən tədbirlərin təşkili ilə fəal şəkildə məşğuldur. O, eyni zamanda şəhidlərin qəhrəmanlıq yolunu və qazilərin döyüş tarixçələrini əks etdirən sənədli filmlərin müəllifi kimi də tanınır. Onun təşəbbüsü ilə keçirilən tədbirlər, layihələr və ekran əsərləri vətəndaş cəmiyyətində milli ruhun möhkəmləndirilməsinə, gənc nəslin vətənə bağlılıqla yetişməsinə mühüm töhfə verir. Bu istiqamətdə göstərdiyi xidmətlərinə görə Türkanə Səfərova müxtəlif dövlət və ictimai qurumlar tərəfindən diplom və fəxri fərmanlarla təltif olunmuşdur.
Veteran Simarə Süleymanova çıxışında şəhid ailələrinin hər zaman xalqın və dövlətin diqqətində olmasının vacibliyini vurğulayıb. O, “Zəfərə gedən yol”un şəhidlərin igidliyi və xalqın birliyi ilə yazıldığını qeyd edib.
Şair Elbrus Qayalı çıxışında qeyd etdi ki, Azərbaycanın hər qarışı şəhid qanı ilə sulanıb, biz bu torpağa borcluyuq.
Qərargah rəisi Novruz Məmmədov çıxış edərək, Azərbaycan Ordusu bu gün də o ruhla, o inamla xidmət edir. Tovuz döyüşlərində göstərilən qəhrəmanlıq tariximizin şanlı səhifələrindən biridir. Bu cür tədbirlər gələcək nəsillər üçün mühüm örnəkdir.
Əbdürrəhim bəy Haqverdiyev Mərkəzinin rəhbəri Eldar Məlik-Abbas bildirdi ki, Azərbaycan mədəniyyəti və ədəbiyyatı hər zaman qəhrəmanlıq ruhunu yaşamalıdır. Şəhidlərimizin həyat yolu gələcək nəsillər üçün dərsdir. Bu gün burada olmaq mənim üçün həm borc, həm də şərəfdir.
Polkovnik Əzizağa Qənizadə qeyd edib ki, Biz şəhidlərimizə yalnız yas tutmamalı, onların ideallarını yaşatmalıyıq. Onlar torpağın deyil, Vətənin övladları idilər. Hər bir şəhid ailəsi bizim üçün müqəddəsdir, dövlətimizin dayağıdır.
Şəhid ailələri çıxışlarında övladlarının Vətən uğrunda can verməsindən qürur duyduqlarını bildiriblər. Onlar belə tədbirlərin şəhidlərin xatirəsinin yaşadılması və ailələrinə mənəvi dayaq baxımından böyük önəm daşıdığını vurğulayıblar. Ailələr tədbirin təşkilinə görə jurnalist Türkanə Səfərovaya və veteran Simarə Süleymanovaya dərin minnətdarlıqlarını ifadə ediblər.
Tədbirin təşkilində əməyi olan şəxslər – İlqar İbrahimov, Heydər Quliyev və Mübariz Həsənov da xüsusi minnətdarlıqla qeyd olunublar.
Tədbirdə vətənpərvər ruhlu mahnılarla çıxış edən ifaçılar – Murad Kəngərli, Seyyid Peyman, Qızqayıt Kəlbəcərli, Yaqut Həsənova, Günəş Qənbərova və Fərman Qənbərov auditoriyada duyğusal anlar yaşadıb, şəhidlərin əziz xatirəsinə həsr olunmuş mahnılarla tədbirə ruh qatıblar.
Tədbirin sonunda Nur Xalça Evi tərəfindən hazırlanmış, üzərində şəhidlərin şəkilləri əks olunmuş xalçalar şəhid ailələrinə təqdim edilib. Bu həm sənətkarlığın, həm də minnətdarlığın bir nümunəsi kimi dəyərləndirilib.

