Yuxu iflicinin səbəbləri nələrdir? – Nevroloqdan AÇIQLAMA

Bəzən insanlar yuxuda qəribə hisslər yaşayır, qəfil yuxudan dik atılır və ya hərəkət edə bilmədiklərini hiss edirlər. Bu hallar bəzən “yuxu iflici” kimi tanınır və insanlarda narahatlıq yaradır.

Nevroloq Qalib Əsədov “Xeberlenti.com”a açıqlamasında bildirib ki, bu vəziyyətlərin bir çoxu beyinin fizioloji reaksiyaları və instinktiv mexanizmləri ilə bağlıdır:

 

“Ağır və gərgin günün sonunda yatarkən əzələlərimizin ani boşalması, bəzən boşluğa düşmə hissi yaradır. Bu da bizi qəfil tərpənişlə yuxudan ayılda bilir. Əksər insanlar bu vəziyyəti həyatında azı bir dəfə yaşayıb. Məşhur yazıçı Jack London “Adəmdən Əvvəl” adlı əsərində bu hissin instinktiv mənşəyinə toxunur. Hekayədə bu hissin meymunlardan insana keçmiş bir qorunma instinkti olduğu vurğulanır. Ağac budaqlarında yaşayan meymunlar gecələr tarazlıqlarını itirib yıxılmaq təhlükəsi yaşadıqları üçün belə hisslər onların sağ qalması üçün mühüm idi. Eyni mexanizm zamanla insanlarda da qorunub qalıb və bu gün də bəzi hallarda özünü göstərir”.

Nevroloqun sözlərinə görə, yuxunun REM (Rapid Eye Movement – Sürətli Göz Hərəkatı) fazasında, yəni yuxuların görüldüyü mərhələdə əzələlər iflic olur:

 “Bu iflic vəziyyəti beyinin müdafiə funksiyasıdır. Əgər yuxuda qaçmaq, mübarizə aparmaq və ya digər emosional reaksiyalar yaşanırsa, bədənimiz həmin yuxuları fiziki olaraq yaşamasın deyə əzələlər qeyri-aktivləşir. Lakin bəzən insan yuxudan ayılsa da, həmin iflic vəziyyəti davam edir. Nəticədə o, hərəkət edə bilmir, danışmaqda çətinlik çəkir və qorxuya qapılır. Bu vəziyyət ‘yuxu iflici’ adlanır”.

Qalib Əsədov əlavə edib ki, tez-tez təkrarlanan kabuslar, yuxu pozuntuları, yuxuda qaçmaq istəyib hərəkətsiz qalmaq kimi hallar beyində müəyyən funksiyaların pozulmasının ilkin əlaməti ola bilər:

“Yuxusuzluq və yuxu pozuntuları nevroloji problemlərin göstəricisidir. Belə hallarda mütləq mütəxəssisə müraciət edilməlidir”.

Nevroloq onu da bildirib ki, qəfil gələn səsə qarşı diksinmə və ya hıçqırıq kimi reaksiyalar da normal fizioloji hallardır və demək olar ki, bütün insanlarda müşahidə olunur.

 

Kəmalə Vəliyeva

Xeberlenti.com

About Author