ABŞ Prezidenti Donald Tramp ilə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Şotlandiyada keçirilən görüşündə aylarla davam edən gömrük mübahisəsi ilə bağlı razılıq əldə olunub.
Xarici KİV-lərin məlumatına görə, razılaşmanın detalları hələlik açıqlanmasa da, tərəflər görüş çərçivəsində mühüm ticarət sazişi imzalayıblar.
Mövzu ilə bağlı politoloq Tural İsmayılov Xeberlenti.com-a açıqlamasında bildirib ki, Tramp və fon der Lyayenin Şotlandiyadakı görüşü ABŞ-Aİ iqtisadi münasibətlərində dönüş nöqtəsi kimi qiymətləndirilə bilər:

“Aylarla davam edən gömrük gərginliyi artıq siyasi dialoqla əvəz olunub. İmzalanan ticarət sazişi gələcək əməkdaşlıq üçün geniş imkanlar açır. Bu addım ABŞ-Aİ münasibətlərində qarşılıqlı maraqların tarazlaşdırıldığını göstərir. Trampın sərt iqtisadi ritorikasına baxmayaraq, əldə olunan razılaşma onun kompromisə gedə biləcəyini sübut edir. Tariflərin 15%-dən aşağı salınması hələlik uzaq perspektiv olaraq qalır. Bu isə daxili iqtisadi sabitlik və siyasi iradədən asılı olacaq. Trampın proteksionist yanaşması ilə Avropanın sərbəst ticarət prinsipləri arasında ziddiyyətlər hələ də mövcuddur”.
Politoloq qeyd edib ki, Ursula fon der Lyayenin bu sazişi “ən böyük müqavilə” adlandırması onun strateji əhəmiyyətini bir daha göstərir:
“Güzəştlər paketinin dayandırılması qarşılıqlı etimadın güclənməsinə şərait yaradır. Aİ-nin irəli sürdüyü hüquqi arqumentlər gələcək danışıqlarda ittifaqın təsir gücünü artıracaq. ABŞ öz istehsalını ölkəyə qaytarmaq niyyətində olsa da, Avropa bazarına çıxış hələ də vacib əhəmiyyət daşıyır. Bu razılaşma texnologiya və enerji sahələrində də yeni imkanlar yarada bilər. Tərəflər arasında daha çox pragmatik yanaşma müşahidə olunur və növbəti danışıqlar mərhələsi daha geniş sahələri əhatə edə bilər”.
Tural İsmayılov əlavə edib ki, ABŞ-Aİ münasibətləri təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan əhəmiyyətlidir:
“Tarazlaşdırılmış yanaşma transatlantik ittifaqın möhkəmlənməsinə xidmət edə bilər. Bu proses beynəlxalq ticarət sistemində daha sabit və qarşılıqlı faydalı bir modelin formalaşmasına təkan verəcək”.
Kəmalə Vəliyeva
Xeberlenti.com
