Astroloq bürclərin xüsusiyyətlərini açıqlayır…

Bürclər doğulduğumuz tarixə görə müəyyənləşir. Hər ayın özünəməxsus bürcü var. İnsanlar bürclərə, onların xüsusiyyətlərinə daim maraq göstərirlər və öz bürcləri haqqında daha geniş məlumat əldə etməyə çalışırlar.

Astroloq Nərmin Zeynalova Xeberlenti.com-a açıqlamasında bildirib ki, insanları yalnız bürclərə görə xarakterizə etmək doğru deyil:

“Çünki hər bir insan fərqlidir. Bunu doğum xəritəsi göstərir. Doğum xəritəsinə əsasən hər kəs unikal və fərdidir. Məsələn, ən həyat dolu və pozitiv bürc Oxatandır. Bu bürc Yupiter planeti tərəfindən idarə olunur. Yupiter isə ən pozitiv enerji daşıyan planet hesab olunur. Oxatanlar digər bürclərlə müqayisədə daha çox uğur qazanırlar”.

Astroloq qeyd edir ki, bəzi bürclərlə ehtiyatlı olmaq tövsiyə edilir:

“Statistikaya görə, Oğlaq və Qız bürclərindən ehtiyat etmək lazımdır. Çoxları Əqrəbdən qorxur, amma o siyahıda üçüncü yerdədir. Oğlaq və Qız bürcləri çox sakit görünsələr də, hər zaman məqsədlərinə çatmağı bacarırlar. Əgər bu insanlar yanlış məqsəd seçsələr, təhlükəli ola bilərlər”.

Nərmin Zeynalova bildirir ki, “mükəmməl bürc” anlayışı mövcud deyil:

 “Hər bürcün həm üstün, həm də çatışmayan cəhətləri var. Ən fərqli və qeyri-adi insanlar isə Dolça bürcündə doğulanlardır. Onlar cəmiyyətdə seçilirlər və heç kimə bənzəmirlər. Dolçaların idarəedici planeti Uran gələcəyin, yeniliyin və orijinallığın planetidir”.

 

Kəmalə Vəliyeva
Xeberlenti.com

About Author