Bəzən insanlar elə bir vəziyyətlə qarşılaşırlar ki, sanki həmin anı daha əvvəl yaşamış kimi hiss edirlər. Bu qəribə duyğuya elmi dildə “déjà vu” deyilir.
Mövzu ilə bağlı nevroloq Samir Həşimov Xeberlenti.com-a açıqlamasında bildirib ki, “déjà vu” fransız dilindən tərcümədə “artıq görmüşəm” mənasını verir:

“Bu maraqlı psixoloji hadisəni demək olar ki, hər kəs həyatında ən azı bir dəfə yaşayır. Məsələn, insan birdən-birə “mən bu anı əvvəllər də yaşamışam” deyə düşünür və ya “indi belə bir hadisə baş verəcək” fikrinə qapılır. Maraqlıdır ki, bəzən dediyi hadisə də doğrudan baş verir”.
Nevroloqun sözlərinə görə, déjà vu fenomeni ilə bağlı müxtəlif nəzəriyyələr mövcuddur. Lakin bu hadisəni elmi və neyro-elmi baxımdan tam şəkildə izah etmək çətindir. Çünki bu təcrübənin laborator şəraitdə müşahidə olunması və araşdırılması olduqca mürəkkəbdir.
Sadə dillə desək, insan beynində yeni məlumatın qavranılması və köhnə bir xatirənin xatırlanması üçün istifadə edilən sinir yollarının təxminən 80%-i üst-üstə düşür. Qalan 20%-lik fərq isə müəyyən hallarda çaşqınlıq yaradır. Nəticədə, beyin yeni məlumatı köhnə xatirə ilə qarışdırır və bu zaman déjà vu hissi yaranır.
Nevroloq əlavə edib ki, neyroelm nöqteyi-nəzərindən déjà vu zamanı beyində əsasən temporal loblar, hipokampus, medial prefrontal korteks və parahipokampal bölgə aktivləşir. Bu beyin strukturları yaddaşın idarə olunması və tanıma funksiyaları ilə birbaşa əlaqəlidir.
“Déjà vu, ümumiyyətlə, bir xəstəlik deyil və tibbi baxımdan təhlükəli hal hesab olunmur”, – deyə Samir Həşimov qeyd edib.
Kəmalə Vəliyeva
Xeberlenti.com
