Bullinqin Qarşısı Necə Alınmalıdır? – Psixoloqdan Açıqlama

Məktəblərdə uşaqlar arasında müşahidə olunan və narahatedici hal alan bullinq problemi müasir cəmiyyətin ən aktual psixoloji və sosial məsələlərindən biri olaraq qalır. Bəzən bəzi uşaqlar sakit təbiətli və ya fərqlənən həmyaşıdlarına qarşı zorakı və təhqiramiz davranışlar sərgiləyirlər. Bu halların davamlı və məqsədli şəkildə təkrarlanması “bullinq” adlanır.

Psixoloq Zeynəb Əyyubova Xeberlenti.com-a açıqlamasında bildirib ki, bullinq fiziki, emosional, sosial, kiber və ya şifahi formada ola bilər və əsas xüsusiyyəti güc balansının pozulması və davranışın təkrarlanmasıdır.

Psixoloqun sözlərinə görə, bu problemlə mübarizə kompleks yanaşma tələb edir:


“Bullinq təkcə uşağın deyil, məktəbin, müəllimin, valideynin və psixoloqun birgə məsuliyyətidir. Uşaqlara hüquqlarını və başqalarına hörmət etməyi öyrətmək vacibdir. Empatiya bacarığı və zorakılığa ‘yox’ demək mədəniyyəti formalaşdırılmalıdır”.

Z.Əyyubova valideynlərə tövsiyə edib ki, övladları ilə açıq, sakit və anlayışlı şəkildə ünsiyyət qursunlar. Onlara “Niyə etdin?” sualındansa, “Necə hiss edirdin?” kimi yanaşmalarla yaxınlaşmaq daha faydalıdır. “Davranışı pisləmək olar, amma uşağı ‘pis’ adlandırmaq olmaz”, – psixoloq bildirib.

O qeyd edib ki, müəllimlər hər iki tərəfi obyektiv şəkildə dinləməli və məktəbdə bullinqə sıfır tolerantlıq olan aydın protokollar tətbiq olunmalıdır.

“Zorakılıq edən uşağa yalnız cəza vermək yox, onun davranışının səbəblərini anlamaq və inkişafına yönəlmək vacibdir”, – deyə o əlavə edib.

Məktəblərdə davamlı maarifləndirmə tədbirlərinin keçirilməsi, psixoloq–müəllim–valideyn əməkdaşlığının gücləndirilməsi bullinqlə mübarizədə əsas mexanizmlərdən hesab olunur.

Kəmalə Vəliyeva
Xeberlenti.com

About Author