Manikür zamanı təhlükə: Evdə və ya salonda fərq etmir!

Manikür – əllərin və dırnaqların estetik görünməsi üçün ən çox tətbiq olunan prosedurlardan biridir. Lakin bu proses gigiyenik qaydalara əməl edilmədikdə ciddi infeksiya riski yaradır.

Xeberlenti.com xəbər verir ki, mütəxəssislər həm ev şəraitində, həm də gözəllik salonlarında manikür edərkən xüsusilə gigiyena və alətlərin steril olması məsələsinə diqqət yetirilməsini tövsiyə edirlər.

Manikür zamanı istifadə edilən iti alətlər – qayçı, fayl, maşa və digər vasitələr – dırnaq ətrafındakı dərini mikroblara qarşı zəif və həssas edir. Əgər bu alətlər əvvəlcədən təmizlənməzsə və sterilizə edilməzsə, hepatit B, hepatit C, göbələk, bakterial infeksiyalar, hətta iltihabi proseslər yarana bilər.

Hər prosedurdan əvvəl istifadə ediləcək bütün manikür alətləri mütləq sterilizasiya olunmalıdır.

Əgər birdəfəlik istifadə üçün nəzərdə tutulmuş alətlərdən istifadə edilirsə, qablaşdırmanın birbaşa müştərinin qarşısında açıldığına əmin olunmalıdır.

Təmizlənməmiş alətlərdən istifadə nəticəsində dırnaq batması, dırnaq yatağında iltihab, ağrılı şişkinliklər və dəri qıcıqlanmaları kimi hallar da baş verə bilər.

Mütəxəssislər bildirirlər ki, bir çox insan ev şəraitində manikürü təhlükəsiz hesab etsə də, burada da təhlükə eynidir. Evdə istifadə olunan alətlər də təmiz və steril olmadıqda eyni fəsadlara yol aça bilər.

 

Kəmalə Vəliyeva 

Xeberlenti.com

About Author