“Manipulyasiya həyatımızın hər yerindədir” – Sosioloqdan sərt xəbərdarlıq

Bəzən insanlar qarşılarındakı şəxsləri öz məqsədlərinə çatmaq üçün gizli və ya aldadıcı üsullarla təsir altına salmağa çalışırlar. Bu prosesə isə manipulyasiya deyilir.

Mövzu ilə bağlı sosioloq Lalə Mehral Xeberlenti.com-a bildirib ki, bu gün bir çox münasibətlər maddi maraqlar üzərində qurulur və insanlar bir-birlərindən maksimum istifadə etməyə çalışırlar:

“Həqiqi dostluqların və saf münasibətlərin olmadığı mühitlərdə sui-istifadə, istismar və manipulyasiya halları qaçılmaz olur. Bu xüsusilə sosial şəbəkələrdə və bəzi media orqanlarında daha açıq şəkildə müşahidə olunur. Hər gün çaşdırıcı, natamam və manipulyasiya xarakterli məlumatların yayılmasına şahid oluruq. Media manipulyasiyası — cəmiyyətin düşüncə və qərarlarına məqsədli şəkildə təsir göstərmək üçün istifadə olunur. İnsanlar bir xəbərin təsiri ilə yönləndirilə və ictimai fikir istənilən istiqamətə çəkilə bilər. Nəticədə həqiqət təhrif olunur, diqqət yayındırılır və informasiyanın mahiyyəti gizlədilir”.

Sosioloq media manipulyasiyasına nümunə kimi illər əvvəl baş vermiş hadisəni xatırladıb:

“İranda pedofiliyaya görə edam edilən bir şəxsi bəzi yerli KİV azadlıq fədaisi kimi təqdim etmişdi. Sosial şəbəkələrdə ona kütləvi dəstək göstərildi. Lakin sonradan işin əsl mahiyyəti ortaya çıxanda cəmiyyət bu manipulyasiyanın fərqinə vardı”.

Mehralı əlavə edib ki, manipulyasiya bəzən çox sadə üsullarla həyata keçirilir:

“Bəzən ən bəsit xəbərin başlığında ‘inanılmaz!’, ‘şok, şok!’ kimi emosional ifadələrə yer verilir. Bu cür yanaşmalar insanların diqqətini cəlb etmək və onları istənilən istiqamətə yönləndirmək məqsədi daşıyır. Media manipulyasiyasından qorunmaq üçün media savadlılığı vacibdir”.

O, manipulyasiyanın təkcə mediada deyil, gündəlik həyatda da geniş yayılmış formada rast gəlindiyini bildirib:

“Ailədə, iş yerində, dostluq və qohumluq münasibətlərində də tez-tez manipulyasiyaya məruz qalırıq. Manipulyasiya ilə saf münasibət bir arada ola bilməz. Yalan, şişirtmə, emosional manipulyasiya olan yerdə həqiqi münasibətlər olmur. Hətta valideynlər övladlarını tərbiyə edərkən belə manipulyasiya metodlarından istifadə edir. Bəzən bunun fərqində belə olmurlar”.

Kəmalə Vəliyeva
Xeberlenti.com

About Author