Rusiyaya xidmət edənlər ifşa olunur – Kimlər növbədədir?

İyulun 24-də Mixail Qusman TASS informasiya agentliyindəki vəzifəsindən azad olunub. Rusiya Baş naziri Mixail Mişustinin imzaladığı sərəncamın səbəbi kimi Qusmanın III Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevə ünvanladığı sual göstərilir. Bu addım Rusiya elitasında narazılıqla qarşılanıb.

Məsələ yalnız Qusmanla məhdudlaşmır. 2020-ci ildən sonra Azərbaycanda Rusiyaya bağlı bir sıra tanınmış fiqurlar – Ramiz Mehdiyev, Nəcməddin Sadıkov, Əli Həsənov, Elmar Məmmədyarov, Oqtay Əsədov və digərləri vəzifədən uzaqlaşdırılıb. Son günlərdə Azər Qasımov və Elşad Mirbəşirin də Rusiya xüsusi xidmət orqanları ilə əlaqələrinin üzə çıxması diqqət çəkib.

Mövzu ilə bağlı politoloq Əhəd Məmmədli “Xeberlenti.com”a açıqlamasında bildirib ki, bu şəxslər uzun illərdir Azərbaycanda Rusiyaya yaxınlıqları ilə tanınıblar:

“Rusiya hakimiyyətində yüksək vəzifələrdə təmsil olunan şəxslər Qərbə qarşı mübarizə apardıqlarını iddia edirlər. Lakin eyni zamanda övladlarını Qərbdə yerləşdirir, orada təhsil aldırırlar. Əgər Rusiya bu qədər yaxşıdırsa, övladlar da orada yaşamalıdır. Qərb və Rusiya arasında qarşıdurma daim deyil. Onlar lazım gəldikdə birləşərək İslam dünyasına qarşı ortaq mövqe sərgiləyə bilirlər”.

Politoloq hesab edir ki, Azərbaycanda Rusiyaya bağlı şəbəkə hələ də tamamilə aradan qaldırılmayıb:

 “Ramiz Mehdiyev, Nəcməddin Sadıkov və digərləri bu şəbəkənin önəmli fiqurları idi. Bu dairə Azərbaycanda tam təmizlənməlidir. Qusman və digər şəxslər isə Rusiya dövlətinə xidmət etmiş şəxslərdir. Onların vəzifədən uzaqlaşdırılması Rusiyaya qarşı mövqe demək deyil. Yəhudi əsilli insanlar harada olsalar da, ilk növbədə öz xalq və maraqlarına xidmət edirlər”.

Əhəd Məmmədli əlavə edib ki, Azərbaycan bu şəxslərin bacarıqlarından faydalana bilər:

“Rusiyadan kənarlaşdırılan şəxsləri, məsələn Qusmanı, Azərbaycanda informasiya müharibəsində istifadə etmək olar. Bu, Rusiyanın gələcək addımlarından da asılı olacaq. Amma istənilən halda Rusiyanın ölkəmizdəki təsir agentləri – 5-ci kolonu tamamilə aradan qaldırılmalıdır”.

Sonda politoloq rusdilli məktəblərin bağlanmasının vacibliyini də vurğulayıb:

   “Dövlət təhlükəsizliyi üçün bu, ciddi məsələdir. Ana dilindən başqa hər hansı dilin əsas təhsil vasitəsi kimi tədrisi doğru deyil. Rus bölmələri olduğu müddətcə, Rusiya təsiri də davam edəcək. Bu, yalnız Rusiyaya deyil, Qərb ölkələrinə qarşı da keçərlidir”.

 

Kəmalə Vəliyeva
Xeberlenti.com

About Author