Yeni körpü, yeni zolaqlar – saray yolunda son durum

Sumqayıt–Saray avtomobil yolunu birləşdirən Saray körpüsünün əsaslı təmiri başa çatıb. Hazırda körpü ətrafında əlavə genişləndirmə işlərinin aparılıb-aparılmayacağı ilə bağlı ictimaiyyətdə suallar yaranıb.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Xeberlenti.com-un sorğusuna cavab olaraq bildirib ki, körpü artıq tam hazır vəziyyətdədir və əlavə genişləndirməyə ehtiyac yoxdur:

“Saray körpüsü yeni inşa olunub və orada hər hansı əlavə tikinti işinə ehtiyac yoxdur. Körpü əvvəlcədən 2 yox, 4 hərəkət zolaqlı layihələndirilib və elə də tikilib”.

Hazırda görülən işlər körpünün özündə deyil, yanaşma yolların genişləndirilməsi ilə bağlıdır:

“Yollar əvvəl 2 zolaqlı idi, hazırda bu hissələr 4 hərəkət zolağına uyğunlaşdırılır. İşlər mərhələli şəkildə davam edir”.

Beləliklə, körpünün özü tam istifadəyə verilsə də, onun funksionallığını artırmaq üçün ətraf yol infrastrukturunda genişləndirmə işləri görülür.

Xatırladaq ki, Saray körpüsü Sumqayıt və ətraf qəsəbələri birləşdirən əsas nəqliyyat arteriyalarından biridir və bu istiqamətdə aparılan işlər əhalinin hərəkətini xeyli rahatlaşdıracaq.

Kəmalə Vəliyeva
Xeberlenti.com

About Author