Bütün qruplar üzrə ali məktəblərə qəbul imtahanları artıq yekunlaşıb. Növbəti mərhələdə isə qabiliyyət imtahanları keçiriləcək. Bu mərhələdən sonra abituriyentləri və valideynləri ən çox maraqlandıran proses – ixtisas seçimi başlayacaq.
Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Xeberlenti.com-a açıqlamasında bildirib ki, bu il qəbul imtahanlarının nəticələri açıqlandıqdan sonra təhsil sistemində ən çox müzakirə olunan məsələ məhz ixtisas seçimi ilə bağlı yaranacaq çətinliklərdir:

“İllərdir ki, təhsil siyasətində planlaşdırma zəif aparılır, dövlət tərəfindən ixtisaslar üzrə qəbul yerləri əmək bazarının real tələbatına uyğun şəkildə tənzimlənmir. Xüsusilə pedaqoji ixtisaslarda qəbul planlarının kəskin şəkildə azaldılması abituriyentlər və valideynlər üçün ciddi risklər yaradır. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, ötən il pedaqoji ixtisaslara 11 min plan yeri ayrılmışdısa, bu il bu rəqəm 25-30 faiz azaldılıb. Hətta bəzi universitetlərdə müəllimlik ixtisasları ümumiyyətlə ləğv edilib. Bu isə keçid ballarında ciddi artımlara səbəb olacaq – bəzi ixtisaslarda 20-40 bal aralığında yüksəlmə gözlənilir. Təəssüf ki, bu dəyişikliklər barədə ictimaiyyətə vaxtında məlumat verilməyib, maarifləndirmə işi aparılmayıb”.
Ekspert qeyd edir ki, ixtisas seçimi prosesi ölkəmizdə hələ də sistemsiz şəkildə, əsasən “bal əsasında qərar” prinsipi ilə aparılır:
“Halbuki “Təhsil haqqında” Qanunun 14-cü maddəsində qeyd olunur ki, dövlət təhsilalanların peşəyönümlü maarifləndirilməsini təmin etməlidir. Lakin bu müddəa faktiki olaraq işlək deyil. Orta məktəblərdə peşəyönümlü xidmətlər formal xarakter daşıyır, abituriyentlərin əksəriyyəti ixtisas seçimini valideyn və ya tanış məsləhəti ilə edir. Dövlətin rəsmi platformalarında isə yaxın 5-10 il üçün əmək bazarının proqnozları, hansı sahələrdə kadr tələbatının artıb-azalacağına dair əsaslı məlumatlar mövcud deyil. Nəticədə qəbul planları ilə real iqtisadi ehtiyaclar arasında böyük fərq yaranır. Dövlət Statistika Komitəsinin 2024-cü ilə dair açıqlamasına görə, son üç ildə iqtisadiyyatın texniki və mühəndislik sahələrində 20 mindən çox vakansiya boş qalıb. Eyni zamanda, bəzi humanitar ixtisaslar üzrə məzunların işlə təminat göstəricisi 40 faizdən də aşağıdır”.
Kamran Əsədov beynəlxalq təcrübəyə də toxunaraq bildirib ki, bir çox inkişaf etmiş ölkələrdə ixtisas seçiminə hazırlıq illər əvvəl başlayır:
“Almaniya və Finlandiyada məktəblərdə peşəyönümlü təlim minimum üç il əvvəldən başlayır. Şagirdlər müxtəlif sahələrdə təcrübə proqramlarına cəlb edilir, əmək bazarının ehtiyacları barədə dövlət orqanları mütəmadi hesabatlar təqdim edir. ABŞ və Kanadada isə qəbul yalnız balla məhdudlaşmır – motivasiya məktubları, qabiliyyət testləri və fərdi bacarıqlar da nəzərə alınır. Azərbaycanda isə proses hələ də köhnə qaydada davam edir: ballar açıqlandıqdan sonra valideynlə abituriyent arasında gərgin müzakirələr başlanır və çox vaxt təsadüfi seçimlər edilir. Bu isə gələcəkdə peşə narazılığına, işsizlik problemilə üzləşməyə və ümumilikdə təhsilin keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarır”.
Ekspert əlavə edib ki, bu il bəzi texniki və mühəndislik ixtisaslarında dövlət sifarişi yerlərinin artırılması müsbət hal kimi dəyərləndirilə bilər. Lakin pedaqoji ixtisaslarda qəbul planının azaldılması uzunmüddətli perspektivdə ciddi problemlərə yol aça bilər:
“Artıq 2023-cü ildə region məktəblərində riyaziyyat və fizika müəllimlərinin çatışmazlığı 25 faiz təşkil edib. Bu il plan yerlərinin ixtisarı həmin göstəricini daha da artıracaq. Elm və Təhsil Nazirliyi isə bu sahədə heç bir açıqlama vermir, planların azaldılmasının səbəblərini və bunun mümkün nəticələrini ictimaiyyətə çatdırmır. Maarifləndirmə fəaliyyəti isə demək olar ki, mövcud deyil. İxtisas seçimini dəstəkləyəcək elektron simulyasiya platformaları, peşəyönümlü təlim proqramları və konsultasiya mərkəzləri yoxdur. Bu isə ailə daxilində gərginlik yaradır, səhv qərarların verilməsinə səbəb olur”.
Kamran Əsədov sonda bildirib ki, ixtisas seçiminin bu qədər stresli və riskli prosesə çevrilməsinin əsas səbəbi dövlətin illərdir apardığı plansız qəbul siyasətidir:
“Əgər qəbul planları əmək bazarının real tələbləri əsasında müəyyənləşdirilsə, təhsil müəssisələri arasında rəqabət yaradılıb keyfiyyət əsas götürülsə, ixtisas seçimi bu qədər gərgin və qeyri-müəyyən proses olmazdı. Təəssüf ki, bu gün ölkəmizdə hələ də “nə qədər balın var, ora get” yanaşması qalır. Halbuki inkişaf etmiş ölkələrdə ixtisas seçimi gəncin maraqları, qabiliyyəti və iqtisadi perspektivlərin balansı üzərində qurulur. Təəssüf ki, Təhsil Nazirliyi bu istiqamətdə heç bir yenilik və strategiya ortaya qoymur. Nəticədə hər il minlərlə abituriyent və ailə bu prosesi gərginlik və narahatlıq içində keçir”.
Kəmalə Vəliyeva
Xeberlenti.com
