2025-ci ilin ilk altı ayı ərzində məişət zorakılığı ilə bağlı 40 mühafizə orderi verilib.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, həmin dövrdə komitəyə müraciət edənlərin 160 nəfəri həyat yoldaşı, 165 nəfəri yaxın qohumu, 37 nəfəri isə keçmiş həyat yoldaşı tərəfindən zorakılığa məruz qalıb.
Zorakılıq törədənlərin 233 nəfəri kişi, 91 nəfəri isə qadındır.
Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Xeberlenti.com-a açıqlamasında bildirib ki, məişət zorakılığına qarşı mübarizə məqsədilə dövlət tərəfindən hüquqi, sosial və profilaktik tədbirlər həyata keçirilir:
“2010-cu ildə qəbul edilən “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun zorakılığın qarşısını almaq, zərərçəkənləri qorumaq və hüquqi mexanizmlər yaratmaq məqsədi daşıyır. Dövlət və qeyri-hökumət təşkilatları bu istiqamətdə mütəmadi olaraq maarifləndirmə işləri görür. Məktəblərdə, icmalarda və mediada zorakılığın fəsadları ilə bağlı təbliğat aparılır. Bununla yanaşı, ailə dəyərlərinin möhkəmləndirilməsi, gender bərabərliyinin təmin olunması və sosial rifahın artırılması istiqamətində də mühüm addımlar atılır”.
Teymur Mərdanoğlu qeyd edib ki, məişət zorakılığı törədən şəxsin məsuliyyətə cəlb olunması Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən həyata keçirilir:
“Bu, zorakılığın növü və ağırlıq dərəcəsindən asılıdır. Proses bu mərhələlər üzrə aparılır:
Müraciət və faktın qeydə alınması
Zərərçəkən şəxs Daxili İşlər Nazirliyinə (polisə) Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, rayon icra hakimiyyətinə və ya sığınacaqlara müraciət edir.
Dərhal fakt araşdırılır,zorakılğı törədən və ya zorakılığa məruz qalan aidiyyatı quruma dəvət olunur, fakt təsdiqini taparsa, yerli icra hakimiyyəti tərəfindən mühafizə orderi verilir.Daha sonra digər zəruri tədbirlər həyata keçirilir”.
Kəmalə Vəliyeva
Xeberlenti.com
