Qəsdən yanğın törədən şəxslər məsuliyyətə cəlb olunurmu?- AÇIQLAMA

İyulun 28-də paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən qamışlıq ərazidə baş vermiş yanğınla bağlı hüquq-mühafizə orqanları operativ tədbir həyata keçirib. Araşdırmalar nəticəsində məlum olub ki, yanğının törədilməsində 1996-cı il təvəllüdlü Kənan Aslanov şübhəli bilinir və o artıq saxlanılıb. Təbii mühitə qəsdən zərər yetirilməsi hallarının artması bu kimi əməllərin hüquqi və ictimai baxımdan daha ciddi qiymətləndirilməsini gündəmə gətirir.

Mövzu ilə bağlı Azərbaycan Vəkillər Kollegiyasının üzvü Mədinə Leqayeva Xeberlenti.com-a açıqlamasında bildirib ki, ölkəmizin COP29-a ev sahibliyi etməsi qlobal ekoloji proseslərə töhfə baxımından əhəmiyyətli hadisədir:


“Bu beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi, xüsusilə gənclər arasında ətraf mühitə qarşı diqqət və həssaslığın artırılmasına xidmət edir. COP29 çərçivəsində həm yaşıllığın məhv edilməsi, həm də su qıtlığı kimi qlobal təhlükələrin dünya əhalisi üçün yaratdığı risklər yerli və xarici media vasitəsilə geniş şəkildə işıqlandırılır. Lakin 2025-ci il iyulun 28-də paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verən yanğın göstərdi ki, ətraf mühitin qorunması ilə bağlı maarifləndirmə tədbirləri hələ də yetərli səviyyədə deyil və bu istiqamətdə işlər daha da gücləndirilməlidir. Əməli törədən şəxs əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğun olaraq inzibati və ya cinayət məsuliyyəti daşıyacaq”.

Vəkil qeyd edib ki, inzibati Xətalar Məcəlləsinin 253.6-cı maddəsinə əsasən odla və ya digər yüksək təhlükə mənbələri ilə ehtiyatsız davranma nəticəsində ağacların, kolların və ya digər yaşıllıqların məhv edilməsinə və ya zədələnməsinə görə, fiziki şəxslər 1000-1200 manatadək məbləğdə, vəzifəli şəxslər isə 2000-2500 manatadək məbləğdə cərimə edilir:

“Əgər yaşıllıqlara xeyli, külli və ya xüsusilə külli miqdarda ziyan vurulubsa, bu halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 260-cı maddəsi tətbiq olunur. Məcəllənin 260.1-ci maddəsinə əsasən odla və ya digər yüksək təhlükə mənbəyi ilə ehtiyatsız davranma nəticəsində xeyli miqdarda ziyan vurulduqda, ziyanın iki misli miqdarında cərimə və ya bir ilədək azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə; külli miqdarda ziyan vurulduqda , ziyanın iki-üç misli miqdarında cərimə və ya iki ilədək azadlıqdan məhrum etmə və xüsusilə külli miqdarda ziyan – ziyanın üç mislinə qədər cərimə və ya 2 ildən 4 ilədək azadlıqdan məhrum etmə. 260.2 -ci maddəsində isə göstərilir ki, əgər yandırma və ya digər ümumi təhlükəli üsulla və ya zərərli maddələrlə, tullantılarla çirklənməsi nəticəsində, ağacları, kolları və ya digər yaşıllıqları məhv etmə və ya zədələmə nəticəsində məhv edilibsə, cinayət nəticəsində vurulan ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Əgər bu əməl külli miqdarda ziyan vurmaqla törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə edilməklə və ya edilməməklə beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə isə cinayət nəticəsində vurulan ziyanın üç mislindən dörd mislinədək miqdarda cərimə edilməklə və ya edilməməklə altı ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

O həmçinin əlavə edib ki, cinayət məcəlləsinə yeni əlavə edilmiş 104-1-ci maddəsi isə Ekosid cinayətləri ilə bağlıdır:

“Bu maddə ətraf mühitə kütləvi şəkildə zərər yetirilməsi, o cümlədən bitki və heyvanlar aləminin məhv edilməsi, atmosfer, torpaq və su ehtiyatlarının zəhərlənməsi və bu əməllər nəticəsində ekoloji fəlakətə səbəb olunması və ya belə fəlakətin baş verməsi üçün real təhlükənin yaranması kimi əməllərin tövsif edilməsi üçün nəzərdə tutulub və sanksiyasına əsasən 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Belə hadisələrin qarşısının alınması üçün televiziya və sosial şəbəkələrdə ekoloji maarifləndirmə kampaniyalarının aparılması, ətraf mühitə zərər vuran şəxslərə qarşı ictimai qınağın gücləndirilməsi, təhsil müəssisələrində ekoloji tərbiyənin vacibliyinin vurğulanması və dövlət və QHT-lər tərəfindən mütəmadi seminar və treninqlərin təşkili kimi bir sıra tədbirlərin həyata keçirilməsi zəruridir. Unutmayaq ki, “adi bir ot parçası” kimi baxdığımız canlı təbiətin hər elementi insan həyatı üçün əvəzolunmazdır. Təbiətə zərər yalnız bir fərdi deyil, cəmiyyəti və gələcək nəsilləri hədəfə alır”.

Kəmalə Vəliyeva
Xeberlenti.com

About Author