Qafqazın iqtisadi lokomotivi – Azərbaycan xarici ticarətdə ilk sırada

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Gömrük Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlilə görə, 2025-ci ilin birinci yarımilində Azərbaycanın xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrünə nisbətən 12,1% və ya 2,63 milyard dollar artaraq 24,4 milyard dollara çatıb. Artımın əsas səbəbi idxal həcminin artması ilə bağlıdır.

Xeberlenti.com xəbər verir ki, bu barədə “Tehlil.az” saytı məlumat yayıb.

Aparılan təhlil zamanı məlum olub ki, son 5 ilin ən yüksək idxal göstəricisi də cari ilin birinci yarımilində qeydə alınıb. Daha dəqiq desək, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ölkələrdən idxal etdiyi məhsulların ümumi həcmi 11,52 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 29,9% və ya 2,65 milyard dollar çoxdur. Son ildəki artımın əsas səbəbi qiymətli daşların, xüsusilə də qızıl idxalının kəskin şəkildə artması ilə əlaqələndirilir.

İxrac həcmi ilə bağlı göstəricilərdə fərqli mənzərəyə rast gəlmək mümkündür. Belə ki, 2025-ci ilin birinci yarımilində ixrac həcmi ilə bağlı rəqəmlər ötən ilin eyni dövrü ilə müqayisədə 0,2% və ya 0,02 milyard manat azalaraq 12,88 milyard dollara enib.

Qeyd edək ki, son 3 ilin ilk yarımilinə diqqət etsək, ixrac həcmi ilə bağlı göstəricilərin davamlı şəkildə azaldığını görə bilərik. Buna səbəb neft və qaz məhsullarının, əsasən də təbii qazın qiymətinin son illərdə kəskin dəyişməsidir.

Xeberlenti.com

About Author