Ədalət, yoxsa qəddarlıq? Ölüm cəzasının bərpası mümkün ola bilərmi

Bəzən cinayət hadisələrinin dəhşətli və insanlığa sığmayan formada baş verməsi cəmiyyətdə ədalət hissinin sarsılmasına səbəb olur. Belə hallarda ictimai rəyin təzyiqi ilə ölüm cəzası kimi sərt tədbirlərin yenidən tətbiqi barədə fikirlər səsləndirilir. Halbuki Azərbaycanda ölüm cəzası artıq uzun illərdir qanunvericilikdən çıxarılıb.

Qeyd edək ki, Azərbaycanda ölüm cəzası 1998-ci ildən etibarən tamamilə ləğv olunub. Bununla belə, zaman-zaman bu məsələ yenidən müzakirəyə çıxarılır.

Mövzu ilə bağlı hüquqşünas Günay Abbasova Xeberlenti.com-a açıqlamasında bildirib ki, ölüm cəzası insanın yaşamaq hüququna son qoyan bir tədbir olduğu üçün bu cəzanın zəruriliyi hər zaman geniş müzakirələrə səbəb olur:

 “Əvvəllər bir çox ağır cinayətlərə görə tətbiq edilsə də, müasir dövrdə əksər ölkələr, xüsusilə Avropa dövlətləri bu cəza növünü tamamilə aradan qaldırıblar. Azərbaycanda isə son olaraq Prezident İlham Əliyevin 3 fevral 2023-cü il tarixli Sərəncamı əsasında “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın ölüm cəzasının bütün hallarda ləğvini nəzərdə tutan 13 saylı Protokolu imzalanıb. Bu Protokolu imzalayan dövlətlər onun müddəalarından geri çəkilə və ya hər hansı qeyd-şərt irəli sürə bilməzlər”.

Hüquqşünasın sözlərinə görə, Azərbaycan bu sənədi imzalamazdan öncə Konvensiyanın 6 saylı Protokoluna da qoşulmuşdu. Həmin sənədə əsasən, müharibə dövründə törədilən xüsusi ağır cinayətlərə görə ölüm cəzasının tətbiqi müstəsna hal kimi mümkün hesab olunurdu.

“Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildən ölüm hökmünün icrasına moratorium qoyulub, 1998-ci ildə isə bu cəza növü tamamilə ləğv olunub. Hazırda qüvvədə olan Cinayət Məcəlləsində ölüm cəzası nəzərdə tutulmur”.

Hüquqşünas bildirir ki, ölüm cəzasının bərpası yalnız daxili hüquqi balansı deyil, beynəlxalq münasibətləri də poza bilər. Bu isə ekstradisiya və məhkumların təhvil verilməsi proseslərində ciddi problemlər yarada bilər:

 “Əgər bir ölkədə ölüm hökmü tətbiq olunursa, insan haqlarına önəm verən Avropa dövlətləri həmin ölkəyə cinayətkarların və ya təqsirləndirilən şəxslərin ekstradisiyasına razılıq verməyəcək. Beləliklə, ‘Ekstradisiya haqqında’ Avropa Konvensiyasının tətbiqində də yeni hüquqi baryerlər yaranacaq”.

Günay Abbasova əlavə edib ki, ölüm hökmünün bərpası Azərbaycanın üzv olduğu beynəlxalq konvensiyalara və yerli qanunvericiliyə zidd olmaqla yanaşı, insan hüquqları baxımından da ciddi pozuntu kimi qiymətləndirilə bilər.

Onun fikrincə, bu cəza növünün ədalətli olub-olmaması da ciddi müzakirə mövzusudur:

    “Hazırda ölüm cəzasını tətbiq edən ölkələrin əksəriyyəti avtoritar idarəetmə formalarına malikdir və ya müharibə vəziyyətindədir. İqtisadi inkişaf səviyyəsi yüksək olan, demokratik institutları güclü dövlətlərdə isə bu cəza tamamilə ləğv edilib. Bu da göstərir ki, ölüm cəzası ilə cəmiyyətin inkişaf səviyyəsi və idarəetmə keyfiyyəti arasında birbaşa əlaqə var”.

     “Digər tərəfdən, ölüm cəzası islahedici deyil, qəti və geri dönməz nəticə doğuran bir tədbirdir. ABŞ kimi bu cəzanı tətbiq edən ölkələrdə belə cinayət səviyyəsinin yüksək olması göstərir ki, ölüm cəzası ciddi çəkindirici effektə malik deyil. Həmçinin məhkəmə və istintaq prosesində yol verilə biləcək səhvlər ölüm hökmü icra edildikdən sonra artıq düzəldilə bilməz. Bu isə həm etik, həm hüquqi, həm də dini baxımdan böyük mübahisələr doğurur”.

Kəmalə Vəliyeva
Xeberlenti.com

About Author