İsti hava şəraitində işəgötürənlər işçilərin təhlükəsizliyini necə təmin etməlidirlər? – AÇIQLAMA

Yay aylarında havanın normadan artıq isti keçməsi xüsusilə açıq havada çalışan işçilər üçün ciddi sağlamlıq riski yaradır. Bu baxımdan, Azərbaycan qanunvericiliyində işçilərin hüquqları və işəgötürənlərin öhdəlikləri dəqiq şəkildə müəyyən olunub.

Bəs, belə hava şəraitində işçilərin sağlamlığının qorunması üçün işəgötürənlər hansı tədbirləri görməlidir?

Mövzu ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı Ülvi Qiyasov Xeberlenti.com–a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, açıq hava şəraitində və ya isti temperaturda çalışan işçilərə müvafiq fasilələr verilir və zərurət olduqda iş müvəqqəti dayandırılır:

“Verilən fasilələr iş vaxtına daxil edilir və bu zaman əmək haqqı işçilərin tarif maaşına əsasən ödənilir. Əgər iş dayandırılarsa və bu, işçinin təqsiri ucbatından baş verməzsə, boşdayanma vaxtının haqqı tarif maaşının azı üçdə iki hissəsi qədər ödənilməlidir”, – deyə Ülvi Qiyasov bildirib.

O əlavə edib ki, yay mövsümündə açıq havada və ya yüksək temperaturda fəaliyyət göstərən işçilər üçün işəgötürənlər tərəfindən xüsusi istirahət otaqları təşkil edilməlidir:

“Əgər istehsalat prosesi fasiləsiz xarakter daşıyır və işi tam dayandırmaq mümkün deyilsə, bu zaman növbəli iş rejimi tətbiq olunmalıdır. Növbələrin təşkili Həmkarlar İttifaqları Təşkilatının razılığı ilə həyata keçirilir”.

Qeyd edilib ki, fasilələrin verilməsi, onların sayı və müddəti işəgötürənlə Həmkarlar İttifaqları Təşkilatının birgə qərarı əsasında müəyyən edilir.

Kəmalə Vəliyeva
Xeberlenti.com

About Author