Bir şagirdin nümunəvi yolu: məsuliyyət, fəaliyyət, vətənə xidmət

Bir şagirdin nümunəvi inkişaf yolu məsuliyyət, fəallıq və vətənə xidmət kimi ali anlayışların vəhdətindən keçir. Bu yol ailədə başlayır, məktəbdə formalaşır, cəmiyyətdə isə cilalanır.

Məktəbə qədəm qoyan hər bir uşaq zamanla öz xarakterini, dünyagörüşünü və dəyərlərini formalaşdırır. Nümunəvi bir şagirdin yolu həm şəxsiyyətin inkişafı, həm də gələcəyin təməli deməkdir. Məsuliyyət isə bu yolun başlanğıcı, uğurun əsas açarıdır. Bu hiss şagirdin tərbiyəsində mühüm rol oynayan müəllim və valideynin birgə zəhməti ilə formalaşır. Məsuliyyətli şagird dərslərinə vaxtında hazırlaşır, müəllimin tapşırıqlarını diqqətlə yerinə yetirir, məktəbin daxili nizam-intizam qaydalarına riayət edir.

Fəallıq isə şagirdin cəmiyyətdəki yerini müəyyənləşdirən vacib göstəricidir. Aktiv şagird məktəbdə keçirilən tədbirlərdə iştirak edir, yarış və müsabiqələrdə bacarığını nümayiş etdirir, müxtəlif layihələrdə təşəbbüskarlıq göstərir və liderlik keyfiyyətlərini inkişaf etdirir. O, yalnız sabahın müəllimi, həkimi, alimi və rəhbəri deyil, həm də vətənin uğurlu gələcəyidir. Belə şagird davranışı, danışığı, əxlaqı və münasibəti ilə hər yerdə örnək olur – ailədə, məktəbdə və cəmiyyətdə.

Vətən sevgisi isə bu yolun ən müqəddəs dayağıdır. Çünki bu gün məktəbdə vətənə sədaqətlə böyüyən uşaq, sabah dövlətin müdafiəçisi, xalqın qüruru, mədəniyyətin daşıyıcısı olacaq. Vətən sevgisi xalqın gələcəyini müəyyən edən ən güclü mənəvi dayaqdır. Bu hiss ilə böyüyən hər bir şagird, əslində, vətənə xidmət edən bir qəhrəmandır.

44 günlük Vətən müharibəsi bu həqiqəti bir daha sübut etdi. O qəhrəman igidlər də vaxtilə məktəbə gedən, müəllimindən şəhidlik haqqında eşidən sadə şagirdlər idi. Qəlblərində bəslədikləri vətən sevgisi onlara qələbə ruhu, xalqımıza isə qürur gətirdi.

Qürurla deyə bilərik ki, Vətənə xidmət böyük başlanğıcların kiçik addımlarla atıldığı yoldur. Bu yolun təməlində isə üç dəyər dayanır: məsuliyyət, fəaliyyət, vətənə xidmət.

Samirə Adəmqızı

About Author