Bəzən insanlar haqsızlığa uğradıqlarını düşündükdə əllərində sübut olması üçün gizli şəkildə səs yazmağa qərar verirlər. Amma bu addım qanun qarşısında hansı nəticələrə yol aça bilər? Ümumiyyətlə belə sübutlar məhkəmədə keçərlidirmi ?
Mövzu ilə bağlı hüquqşünas Esmira Rzayeva Xeberlenti.com-a açıqlamasında bildirib ki, qanunvericilik belə hallara ciddi yanaşır və bu tip yazıların qanunsuz əldə olunması məsuliyyətə səbəb ola bilər.
O bildirib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində bu məsələ aydın şəkildə əksini tapıb:

“Maddə 155. Yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma —min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
Maddə 156. Şəxsi həyatın toxunulmazlığını pozma — Şəxsi və ailə həyatının sirri olan məlumatların, sənədlərin, video, foto və səs yazılarının yayılması və ya başqasına verilməsi, əgər bu məlumatlar qanunsuz yolla əldə olunubsa, min manatdan iki min manatadək cərimə, 240-480 saat ictimai iş və ya bir ilədək islah işləri ilə cəzalandırılır.
Əgər bu əməl vəzifəli şəxs tərəfindən və ya pilotsuz uçuş aparatı vasitəsilə törədilərsə, o zaman daha ağır cəza – iki ilədək azadlıqdan məhrumetmə və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmə nəzərdə tutulur.”
Vəkil qeyd edib ki, şəxsin xəbəri və razılığı olmadan əldə edilən səs yazıları qanunsuz hesab olunur və bu yazıların məhkəmədə sübut kimi təqdim olunması qanuni sayılmır. Hətta yazı sonda doğru məlumatları əks etdirsə belə, onun əldə olunma üsulu qanuna zidd olduğu üçün qəbul edilmir.
Kəmalə Vəliyeva
Xeberlenti.com
