Son illər gənclər arasında elektron siqaretlərə maraq artıb. Bir çoxları bu cihazların adi siqaretlərə nisbətən daha az zərərli olduğunu və siqareti tərgitmək üçün vasitə ola biləcəyini düşünür. Lakin mütəxəssislər bu fikirlə razı deyil.
Mövzu ilə bağlı Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Xeberlenti.com-a açıqlamasında bildirib ki, təşkilat uzun illərdir tütün istifadəsinin azaldılması istiqamətində iş aparır:

“Hətta bu istiqamətdə bir neçə beynəlxalq layihə də həyata keçirilib. Kanadanın Toronto şəhərində bu mövzuya həsr olunmuş böyük bir təqdimat baş tutub. Bildiririk ki, siqaretin bütün növləri sağlamlıq üçün təhlükəlidir. Qaçaqmal siqaretlər isə daha böyük təhlükə yaradır, çünki onların tərkibi və mənşəyi məlum deyil”.
Eyyub Hüseynov qeyd edib ki, baxmayaraq ki, ölkədə “Tütün və tütün məmulatları haqqında” qanun qəbul olunub və dəfələrlə dəyişdirilib, siqaret istehsalı və satışı davam edir. Son illər isə “glo” adlanan və siqareti tərgitmək məqsədi ilə təqdim olunan cihazlar ölkəyə gətirilib.
“Əslində bu cihazlar siqareti tərgitmək üçün vasitə deyil. Onlar da ənənəvi siqaretlər qədər zərərlidir. Elektron siqaretlərin reklamı illərdir aparılır və artıq onların qaçaqmal versiyaları da bazarda mövcuddur. Tədqiqatlarımız göstərir ki, bunlar da insan sağlamlığı üçün böyük risk daşıyır”.
Birlik sədrinin sözlərinə görə, siqaret çəkənlərin sayı ölkədə artmaqda davam edir:
“Azərbaycan bu sahədə hələ ki, Türkiyədən geri qalır. Türkiyədə qadınlar arasında siqaretə aludəçilik daha geniş yayılıb”.
Sonda Eyyub Hüseynov siqaretdən istifadənin qarşısını almaq üçün konkret tədbirlərin vacibliyini vurğulayıb:
“Siqaretin tək-tək satışı tamamilə qadağan olunmalıdır. Siqaret çəkmək bir növ məişət narkomaniyasıdır. Ondan qurtulmaq üçün iradə gücü lazımdır. Əhali siqaretin bütün formalarından uzaq durmalıdır. Bu, Yer üzündə hamı üçün zərərli olan yeganə məhsuldur”.
Kəmalə Vəliyeva
Xeberlenti.com
