Azərbaycan son illərdə təhsil sahəsində əhəmiyyətli uğurlar əldə edib. Dövlətin bu sahəyə yönəltdiyi diqqət, həyata keçirilən çoxsaylı layihələr və ayrılan maliyyə vəsaiti nəticəsində ölkədə təhsil sistemi keyfiyyət baxımından xeyli inkişaf edib. Artıq bir faktdır ki, ölkənin təhsil sahəsində əldə etdiyi uğurlar gənclərin yüksək bilik səviyyəsi ilə nəticələnir və bu göstəricilər ildən-ilə artmaqdadır.
Bu müsbət meyillər Azərbaycanın dünya miqyasında tanınan nüfuzlu elm və təhsil ocaqlarında təmsil olunmasına imkan yaradır. Gənclərimiz dünyanın aparıcı universitetlərində təhsil alaraq ölkəmizi beynəlxalq miqyasda layiqincə təmsil edirlər. Bu isə dövlətin təhsilə verdiyi dəyərin və hər il bu sahəyə ayrılan vəsaitin artmasının bariz nəticəsidir.
Lakin əldə olunan nailiyyətlərə baxmayaraq, təhsil sahəsində hələ də ciddi problemlər qalmaqdadır. Xüsusilə də orta məktəblərdə müəyyən çatışmazlıqlar müşahidə edilir ki, bu da ümumi inkişaf tempinə mənfi təsir göstərir. Ən narahatedici məsələlərdən biri isə qızların təhsildən yayınması və erkən nikah hallarının mövcudluğudur. Bu, təhsildə gender bərabərliyinə ciddi zərbə vurur və uzunmüddətli sosial-iqtisadi fəsadlara yol açır.
Aparılan təhlillərə əsasən, ibtidai siniflərdə qızlarla oğlanların təhsil alma səviyyəsi təxminən bərabər olsa da, yuxarı siniflərə keçdikcə bu balans pozulur. 9–10-cu siniflərdə təhsildən yayınan qızların sayı artır və bəzi bölgələrdə bu göstərici 50 faizdən yuxarıdır. 11-ci sinifdə isə bu rəqəm bəzi hallarda 80-90 faizə qədər yüksəlir ki, bu da cəmiyyətdə ciddi narahatlıq doğurur.
Bu səbəbdən də yalnız infrastrukturun inkişafı və beynəlxalq nailiyyətlərlə kifayətlənmək olmaz. Paralel olaraq, sosial maarifləndirmə işləri gücləndirilməli, ailələrin və cəmiyyətin təhsilə münasibətində müsbət dönüş yaradılmalıdır. Xüsusilə qızların təhsildən yayınmasının qarşısı alınmalı, erkən nikahlarla mübarizə istiqamətində hüquqi və ictimai tədbirlər genişləndirilməlidir.
Azərbaycanın təhsil sahəsindəki uğurlar ölkənin gələcəyini təmin edən mühüm amillərdəndir. Ancaq bu uğurların davamlı və dayanıqlı olması üçün mövcud problemlərə ciddi yanaşmaq, qızların təhsildən yayınmasına qarşı sistemli tədbirlər görmək vacibdir. Unutmaq olmaz ki, təhsil təkcə fərdi deyil, ümumi cəmiyyətin rifahına aparan ən əsas yoldur.
Rəvanə Hüseynova
