Üzgüçülük sağlamlıq üçün ən faydalı idman növlərindən biridir – Məşqçi Elvin Hüseynovla MÜSAHİBƏ

Son illərdə Azərbaycanda üzgüçülüyə maraq artmaqdadır. Bu sahədə həm peşəkar idmançılar, həm də sağlamlıq məqsədilə üzənlər arasında geniş yayılma müşahidə olunur. Üzgüçülük üzrə təcrübəli məşqçi Elvin Hüseynov Xeberlenti.com-a müsahibəsində bu idman növünün sağlamlığa təsirindən, ölkəmizdəki inkişaf səviyyəsindən və iştirakçıların yaş qruplarından danışıb.

– Üzgüçülüyün insan sağlamlığına nə kimi faydaları var?

– Üzgüçülük həm fiziki, həm də psixoloji sağlamlıq baxımından olduqca faydalıdır. Bu idman növü bədənin bütün əzələlərini eyni anda işlədərək əzələ tonusunu artırır, ürək-damar sistemini gücləndirir, ağciyərlərin tutumunu artırır və düzgün nəfəs alma texnikası sayəsində tənəffüs yollarını açır. Skolioz, bel və oynaq ağrıları, eləcə də stress kimi problemlərin qarşısının alınmasında üzgüçülük mühüm rol oynayır.
Mənimlə məşq edən uşaqlar arasında – məsələn, Əliyev Orxan (idman ustası), Əliyev Əlixan, Mirzəyev Eldar, Allahverdiyeva Nəzrin kimi idmançılar – üzərlərində ciddi şəkildə çalışaraq həm dözümlülük, həm də texnika baxımından nəzərəçarpacaq dərəcədə inkişaf ediblər. Bu inkişaf birbaşa onların sağlamlığı və idman performansı ilə əlaqəlidir.

– Azərbaycanda üzgüçülük hansı səviyyədə inkişaf edir?

– Son illərdə ölkəmizdə üzgüçülük sahəsində ciddi irəliləyiş müşahidə olunur. Yeni idman obyektlərinin tikilməsi, federasiyaların dəstəyi, beynəlxalq təlim-məşqlərdə və yarışlarda iştirak səviyyənin yüksəlməsinə səbəb olub. Artıq uşaqlıq yaşlarından bu sahəyə maraq göstərənlər daha sistemli və məqsədyönlü şəkildə məşq edirlər.

Hazırda mən həm Su İdman Sarayında, həm də “Ocaq Sport” klubunda müxtəlif yaş qruplarına təlim keçirəm. Gördüyüm budur ki, həm valideynlər, həm də gənc idmançılar üzgüçülüyə çox ciddi yanaşırlar.

–  Bu idman növünə daha çox uşaqlar, yoxsa böyüklər maraq göstərir?

– Hazırda üzgüçülüyə olan marağın əsas hissəsi uşaqlardan gəlir. Valideynlər övladlarını həm sağlamlıq, həm də gələcəkdə peşəkar idmançı kimi formalaşdırmaq məqsədilə bu sahəyə yönəldirlər. Bununla yanaşı, böyüklər arasında da sağlamlıq məqsədilə üzgüçülüyü seçənlərin sayı artmaqdadır.

Əsas iştirakçı bazasını 6–14 yaş qrupu təşkil edir. Məsələn, mənim tələbələrim arasında Həsənov Zeyd, Verir Sıla, Məryam Göyuşova, Aslan Fərrux və Aslan Fərhad kimi 6–7 yaşlı uşaqlar var ki, həm yarışlara hazırlaşır, həm də üzgüçülüyü bir həyat tərzi kimi qəbul edirlər.

Kəmalə Vəliyeva

About Author