Duet “Nəqşi-Cahan” dan möhtəşəm ifa: “Çırpınırdı Qara dəniz” milyonların qəlbinə yol tapdı

Azərbaycan musiqisinin parlayan ulduzlarından olan qardaşlar Günəş və Fərman ifa etdikləri “Çırpınırdı Qara dəniz” mahnısı ilə sosial şəbəkələrdə milyonlarla baxış toplayaraq geniş auditoriyaya çatmağı bacardılar. Onların bu duyğulu və ilhamverici ifası təkcə Azərbaycanda deyil, Türkiyə və ümumilikdə Türk dünyasında da böyük rəğbət qazandı.

Gənc sənətçilər mahnı seçiminin təsadüfi olmadığını vurğulayaraq bildiriblər ki, “Çırpınırdı Qara dəniz” vasitəsilə Azərbaycanın Qarabağ Zəfərini musiqi dili ilə yaddaşlara həkk etmək və bu tarixi hadisəni gələcək nəsillərə çatdırmaq istəyiblər. Müxtəlif tədbir və layihələrdə iştirak edən Günəş və Fərman bu ifa ilə Azərbaycanın ruhunu, xalqın ürək səsini dünya ictimaiyyətinə təqdim etməyi qarşılarına məqsəd qoyublar.

Layihənin təşkilatçısı Türkanə Səfərova bu istedadlı gənclərin inkişafı və tanınması üçün mühüm addımlar atıldığını bildirib: “Günəş və Fərmanla bir çox layihələr həyata keçirmişik və yeni əməkdaşlıqlara da açığıq. Onları yalnız Azərbaycan daxilində deyil, həmçinin Türkiyə və Türk dünyasında keçirilən tədbirlərə də hazırlayırıq. Musiqinin və sənətin gücü ilə gənclərimizi gələcəyə hazırlamaq bizim əsas missiyamızdır.”

Türkanə Səfərova əlavə edib ki, Azərbaycan, Türkiyə və xüsusilə də Şimali Kiprdə səs salacaq yeni mədəni layihələr üzərində işləyir. Bu layihələr çərçivəsində Günəş və Fərman kimi istedadlı gənclərin daha geniş auditoriyaya təqdim olunması və Türk dünyasında tanıdılması əsas hədəflərdəndir.

Qardaşların sənət yolunda əvəzsiz rolu olan musiqi müəllimi, eyni zamanda muğam şöbəsinin müdiri Murad Kəngərli isə bildirib: “Günəş və Fərman Azərbaycan gəncliyinin sənətdəki səviyyəsini göstərən ən gözəl nümunələrdəndir. Bu günə qədər bir çox ölkədə Azərbaycanı təmsil etmişik. Onların uğurlarını görmək, sənət yollarına işıq tutmaq mənim üçün böyük qürurdur.”

Sənətə və musiqiyə böyük sevgi ilə yanaşan Günəş və Fərman bu hisslərini belə ifadə ediblər: “Qəlbdən gələn hər bir nota dinləyənin ruhuna toxunar.”
Bu gün onlar Azərbaycan musiqisinin ümidverici simalarından biri kimi tanınır və gələcəkdə daha böyük səhnələrdə çıxış etməyə tam hazır olduqlarını göstərirlər.

Reportaj Zəngəzur TV-nin direktor köməkçisi Rəşad Həsənov və Kiprdən olan türk jurnalist Serdar Şengül tərəfindən hazırlanıb. Türk dünyasında Azərbaycan, Türkiyə və Şimali Kipr arasında mədəni əməkdaşlığın bu şəkildə təqdim olunması xüsusi ruh yüksəkliyi yaradıb.

Xeberlenti.com

About Author