Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və Qlobal Sahibkarlıq Şəbəkəsi – Azərbaycan İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Marketinq Mədəniyyətinin Təşviqi” layihəsi uğurla başa çatıb.
Layihə çərçivəsində gənclərin marketinq sahəsində bilik və bacarıqlarının artırılması, mədəniyyətin müxtəlif sahələrində effektiv tanıtım strategiyalarının öyrədilməsi məqsədilə ardıcıl təlimlər təşkil olunub.
Layihənin rəhbəri Zakir Quliyev açılış mərasimində çıxış edərək müasir dövrdə marketinqin rolu, layihənin əhatə dairəsi və hədəfləri barədə məlumat verib.
Təlim proqramı aşağıdakı mövzuları əhatə edib:
- Təhsildə Rəqəmsal Marketinq (Təlimçi: Tamella Mübarizli)
- Rəqəmsal Marketinqin Rolu və İşləmə Prinsipləri (Təlimçi: Urfan Ərəbli)
- Azərbaycan Biznes Mədəniyyəti (Təlimçi: Fəridə Abbasova)
- Sahibkarlığın Əsasları və Uğurlu Biznesin Sirləri (Təlimçi: Şəfa Paşayeva)
- Mətbuat və İctimaiyyətlə Əlaqələrin Marketinqdə Rolu (Təlimçi: Fatimə Quliyeva)
- Marketinq Planının Hazırlanması (Təlimçi: Fəxri Məhəmmədzadə)
Layihənin yekun mərhələsində iştirakçılar 5 qrupa bölünərək müxtəlif istiqamətlər üzrə – elm və təhsil, kosmetika sənayesi, qida sektoru, sosial təşəbbüslər və turizm sahəsində – real marketinq planları hazırlayıb və təqdim ediblər. Təqdimatlar peşəkar təlimçilər tərəfindən qiymətləndirilib və iştirakçılara detallı rəy bildirilib.
Layihə rəhbəri Zakir Quliyev bildirib ki, bu təşəbbüs gənclərə real bazar mühiti ilə tanış olmaq və peşəkar bacarıqlarını inkişaf etdirmək imkanı yaradıb. Onun sözlərinə görə, layihənin gələcəkdə daha geniş miqyasda və regionları əhatə edəcək formada davam etdirilməsi planlaşdırılır.
Qeyd edək ki, “Marketinq Mədəniyyətinin Təşviqi” layihəsi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qlobal Sahibkarlıq Şəbəkəsi – Azərbaycan İctimai Birliyi tərəfindən icra olunub.

xeberlenti.com
