Müasir sevgi: Romantizmdən reallığa

Bugünkü münasibətlər fərqli kodlarla işləyir. Keçmişin “ölənə qədər birlikdəyik” prinsipi bu gün “yanımda olduğun müddətcə mənə yaxşı təsir edirsə, burdasan” anlayışı ilə əvəz olunub. Bəziləri üçün bu eqoistcə görünə bilər, lakin bu, duyğuların təkamülüdür.

Sevgi bitmir – sadəcə formasını dəyişir. Bəzən alışqanlığa, bəzən hörmətə, bəzən də dözümsüzlüyə çevrilir. Əvvəllər münasibət üçün verilən mübarizə, bu gün daha çox özünü qorumağa sərf olunur. Artıq insanlar bir-birinə deyil, ilk növbədə özlərinə sadiq qalmağı öyrənirlər.

Əslində dəyişən sevgi deyil – dəyişən bizim sevgiyə olan baxışımızdır. Ola bilsin ki, bu dövrün sevgisi daha az romantik, lakin daha çox realistdir. Amma bu, onun dəyərini azaltmır. Sadəcə, artıq insanlar sevgidə emosional çılğınlıqdan çox, rahatlıq, güvən və şəffaflıq axtarır.

Bəlkə də sevgi bizi yox, biz onu dəyişdirdik. Hissləri çox da paylaşmadan, güvəni ölçüb-biçərək, bir gözü daima “çıxış qapısında” olan münasibətlər yaratdıq.

Sevgi bitməyib. O, sadəcə daha səssiz, daha yetkin və daha şərtli bir hal alıb. Və bu, bəlkə də onu əvvəlkindən daha qiymətli edir.

Fidan İbrahimli

About Author