Dənizdə batma hallarının qarşısını almaq üçün hansı tədbirlər görülməlidir? – FHN xəbərdarlığı

Yay mövsümü başlayanda sərinləmək üçün dənizə üz tutanların sayı artır. Lakin bir çox insan dənizdə mövcud təhlükələri nəzərə almadan, ehtiyatsız davranır. Nəticədə isə xoş istirahət faciə ilə bitə bilir.

Xeberlenti.com-un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyi bildirir ki, çimərlikdə təhlükəsizliyin təmin olunması üçün hər kəs müəyyən qaydalara əməl etməlidir. Nazirlik çimərliklərdə aşağıdakı halların qəti qadağan olduğunu xatırladır:

Çimmək üçün nəzərdə tutulmamış ərazilərdə suya girmək

İşarələnmiş sərhədlərdən kənara üzmək

Küləkli havada dənizə girmək

Sərxoş halda çimərliyə gəlmək və ya spirtli içki qəbul etmək

Çimərlikdə gecələmək və fırtına xəbərdarlığı zamanı ərazidə qalmaq

Suda kobud hərəkətlər etmək

Çimərliyi zibilləmək və ev heyvanı gətirmək

Çimərlikdə balıq tutmaq

Qayıq, sal, körpü, xəbərdarlıq nişanları və digər texniki qurğulara yaxınlaşmaq və üzərinə çıxmaq

Xilasetmə texnikası istisna olmaqla digər qayıq və kiçik gəmilərin çimərlik ərazisinə daxil olması

Bundan əlavə, uşaqlar yalnız böyüklərin müşayiəti ilə və onlar üçün ayrılmış zonalarda çimməlidir. Onları çimərlikdə nəzarətsiz qoymaq yolverilməzdir.

Nazirlik həmçinin xatırladır ki:

Xilasedicilərin çağırış və tələblərinə mütləq əməl edilməlidir

Xəbərdaredici nişan və lövhələrin tələblərinə riayət olunmalıdır

Günün ən qızmar saatlarında günəş altında fasiləsiz qalmaq təhlükəlidir

Hava qaraldıqdan sonra suya girmək olmaz

Çimərliklərdə ən təhlükəsiz istirahət vaxtı saat 09:00-dan 20:00-dəkdir

Unutmayın: Qaydalara biganəlik həyatınıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin.

Kəmalə Vəliyeva
Xeberlenti.com

About Author