Putin Trampın elçilərini 3 saat gözlədib – Və əvvəlki tələblərini təkrarlayıb

Vladimir Putin xarici qonaqları qəbul etmək də daxil olmaqla, vacib tədbirlərə gecikmək kimi saymazyana vərdişini dəyişməyib.

CNN-in məlumatına görə, Ukrayna ilə bağlı sülh planını müzakirə etmək üçün dünən Moskvaya səfər edən Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və kürəkəni Cared Kuşner, Kremldə 3 saat gözlədiliblər.

“Politico” da məlumatı təsdiq edərək yazıb ki, Putin Uitkoff və Kuşnerlə görüşə təxminən üç saat gecikib.

Məlum olduğu kimi, beş saatlıq danışıqlar sülh prosesinin irəliləməsinə kömək etməyib. Putinin köməkçisi Yuri Uşakov deyib ki, Kreml üçün əsas məsələ olan ərazi məsələsində “heç bir kompromis tapılmayıb”.

Eyni zamanda, Kremlin mətbuat katibi Dmitri Peskov deyib ki, görüşün nəticəsini birmənalı olaraq, ABŞ-nin sülh planının rədd edilməsi kimi qəbul etmək düzgün olmaz. Bu arada “NBC News”-un məlumatına görə, Putin Donbasın tamamilə təslim edilməsini, Ukrayna Silahlı Qüvvələrinin sayının məhdudlaşdırılmasını və işğal etdiyi Ukrayna ərazilərinin beynəlxalq səviyyədə tanınmasını tələb edir. Bu üç məsələdə o, güzəştə getməyə hazır deyil.

Xatırladaq ki, əvvəlki danışıq raundları — İstanbul və Alyaskada baş tutan görüşlər də eyni nəticə ilə başa çatıb. Putin nə güzəştə gedib, nə ritorikasını dəyişib, nə də Ukraynanı məhv etmək ideyasından əl çəkib.

About Author