Cəmiyyət daim inkişaf edir və insanlar əldə etdiklərinin daha yaxşısına can atırlar. Bu, dəyişmənin və tərəqqinin təbii qanunudur. Lakin sürətli inkişaf prosesi bəzən fərdlərdə narahatlıq, psixoloji gərginlik və yorğunluq hisslərinin yaranmasına səbəb olur. Bu narahatlıqların bir qismi real amillərlə bağlıdır. Xüsusilə iş mühitindəki yüklənmə, qeyri-effektiv idarəetmə və düzgün tənzimlənməyən iş saatları bu problemləri daha da dərinləşdirir.
Azərbaycan Respublikasının Konstitusiyasının 37-ci maddəsinin 2-ci bəndində qeyd olunur ki, “Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir”.
Bu normalar işçilərin yorğunluğunun, stressinin və psixoloji gərginliyinin minimuma endirilməsi üçün müəyyən olunub. Lakin bəzi müəssisələrdə işçilərin qanunda göstərilən müddətdən artıq işləməsi halları müşahidə olunur. Bu isə həm hüquqi pozuntuya səbəb olur, həm də işçinin sağlamlığına, motivasiyasına və ümumi iş məhsuldarlığına mənfi təsir göstərir.
Digər bir problem isə normal şəraitdə bir neçə nəfərin yerinə yetirməli olduğu işin tək bir işçiyə həvalə edilməsidir. Bu hal həm işin keyfiyyətini aşağı salır, həm də cəmiyyətdə işsizlik problemini daha da kəskinləşdirir.
Əziz dostlar, ölkəmizdə əmək münasibətlərini tənzimləyən mükəmməl qanunvericilik mövcuddur. Vətəndaş olaraq borcumuz bu qanunları bilmək, öz hüquqlarımızı müdafiə etmək və onların düzgün tətbiqinə nail olmaqdır. Sağlam iş mühiti isə həm işçinin rifahı, həm də cəmiyyətin davamlı inkişafı üçün vacibdir.
Türkanə Səfərova
