İsveçrənin UBS bankı milyarderlərin sayının 2919 nəfərə, ümumi sərvətlərinin isə 15,8 trilyon dollara yüksəldiyini açıqlayıb
Hesabata görə, dalğalanmalara baxmayaraq, texnologiya səhmlərinin və maliyyə aktivlərinin qiymətlərinin ümumi artımı səbəbindən milyarderlərin ümumi sərvəti yeni bir yüksək həddə çatıb.
Milyarderlərin sayı ötən illə müqayisədə bu il 8,8 faiz, onların ümumi sərvəti isə 13 faiz artıb.
Sərvətdəki bu artım 2021-ci ildən bəri ikinci ən yüksək illik artım olub.
Təkcə amerikalı milyarderlərin sərvəti 15,5 faiz artaraq 7,5 trilyon dollara çatıb. Asiya-Sakit Okean bölgəsindəki milyarderlərin sərvəti 11,1 faiz artaraq 4,2 trilyon dollara, Avropa, Yaxın Şərq və Afrikanın sərvəti isə 10,4 faiz artaraq 4,1 trilyon dollara yüksəlib.
Texnologiya milyarderlərinin sərvəti 23,8 faiz artaraq 3 trilyon dollara çatıb. Milyarderlərin sərvətinin ən çox cəmləşdiyi digər sektorlar istehlak və pərakəndə satış, sənaye və maliyyə xidmətləridir.
Bu il milyarderlər sırasına daha 91 nəfər qoşulub.
Dünya üzrə kişi milyarderlərin sayı 2545, qadın milyarderlərin sayı isə 374 olub.
