“Dönüş nöqtəsi” konsept mesajı altında təşkil olunan zirvə toplantısının əsas məqsədi sənaye təhlükəsizliyi, texnoloji yeniliklər, iqlim dəyişikliyi və sosial transformasiyalar fonunda formalaşan yeni yanaşmalar, innovasiyalar və qlobal təcrübələrin müzakirəsi üçün strateji platforma rolunu oynamaqdır.
Tədbirdə açılış nitqi ilə çıxış edən FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Vüsal Ağayev sənaye təhlükəsizliyinin yalnız texniki məsələ olmadığını, milli təhlükəsizliyin, dayanıqlı inkişafın və ən əsası – insan həyatının qorunmasının əsas sütunlarından biri olduğunu qeyd edib. Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası İdarə Heyətinin sədri Orxan Xəlilzadə Azərbaycan sənayesi üçün əsl dönüş nöqtəsinin süni zəka və texnoloji yenilikləri izləmək deyil, onları sənaye təhlükəsizliyinin ayrılmaz hissəsinə çevirən lider ölkələr sırasına qoşulmaq olduğunu vurğulayıb.
“SOCAR Downstream Management”in baş direktoru Emil Alxaslı çıxışında neft-qaz sektorunda təhlükəsizliyin təkcə istehsal prosesinin deyil, həmçinin korporativ mədəniyyətin ayrılmaz hissəsi olduğunu qeyd edib. Zirvədə iştirak edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi İdarə Heyətinin sədri Orxan Məmmədov sənaye təhlükəsizliyinin müəssisələrin dayanıqlı inkişafı üçün vacib amil olduğundan və bu sahədə sahibkarlara dəstək mexanizmlərinin gücləndirilməsinin əhəmiyyətindən danışıb.
Sənaye Təhlükəsizliyi Zirvəsi çərçivəsində Fövqəladə Hallar Nazirliyi, SOCAR və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası arasında sənayedə təhlükəsizlik, əməyin mühafizəsi və ətraf mühitin qorunması sahəsində mühüm əhəmiyyətə malik üçtərəfli əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
