“16-cı NATO günləri” çərçivəsində Alyansın Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığının (SHAPE) Qərargah rəisinin müavini – Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Yusuf Karagüllenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub.
Müdafiə Nazirliyindən bildirilib ki, səfərin məqsədi Azərbaycan ilə NATO arasında mövcud əməkdaşlığın inkişafı, tərəfdaşlıq proqramları üzrə öhdəliklərin icrası və qarşılıqlı təcrübə mübadiləsinin gücləndirilməsi olub.
Səfər çərçivəsində nümayəndə heyəti ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyində, Heydər Əliyev adına Hərbi İnstitutda, eləcə də Quru Qoşunlarının və Hərbi Dəniz Qüvvələrinin tərkibində NATO-nun Əməliyyat İmkanları Konsepsiyası üzrə bəyan edilmiş bölmələrinin olduğu hərbi hissələrdə görüşlər keçirilib.
