Onu Azərbaycanda çox tanımasalar da, adı dünyanın müxtəlif ölkələrinin mütəxəssislərinə yaxşı məlumdur. Elyaz Babayev 1947-ci ildə Qərbi Azərbaycanın Qafan şəhərində dünyaya göz açıb. 1964-cü ildə doğma şəhərdəki 1 saylı orta məktəbi qızıl medalla başa vuraraq Azərbaycan Poltexnik İnstitutuna daxil olub. Ali təhsilini fəqlənmə diplomu iləbitirən gənc Elyaz elmi-nəzəri araşdırmalarla daha dərindən məşğul olmaq üçün institutda saxlanır. Onun necə bilik və istedad sahibi olduğu aspiranturaya qəbul vaxtı da təsdiqlənir. 1972-ci ilin qəbul mövsümündə Bauman adına Moskva Ali Texniki məktəbin aspiranturasına sənəd verərkən ali məktəb rektorunun müavinivə kafedra müdiri Elyaza vaxtını, pul və enerjisini sərf etməməyi məsləhət görür. Deyir ki, sənin daxil olmaq üçün nəinki praktiki, heç nəzəri şansın yoxdur. Çünki 2 yerə 50 nəfərdən çox sənəd verən var. Onların 90 faizi bu təhsil ocağının məzunları, əksəriyyəti də Lenin təqaüdçüləri və ali məktəbi fərqlənmə ilə bitirənlərdir. Rektorun şəxsən iştirak etdiyi imtahanda isə qəribə hadisə baş verir. Suallara cavabdan və imtahan götürən professorlarla mübahisələrdən sonra rektor Elyaz Babayevin özü barədə danışmasını xahiş edir. Sonda ali məktəbin rəhbəri uğur olsun, görüşərik deyərək, artıq auditoriyanın qapısına tərəf yönələndə imtaham götürən professorlar təəccüblə: “Qeorgi Aleksandroviç hara gedirsiz, imtahan indicə başlayıb?”,-deyirlər. O, isə: “Mən artıq seçimimi etdim” söyləyərək otaqdan çıxır. Beləliklə, Qafan torpağının yetirməsi bu nüfuzlu ali məktəbin aspirantı olur.
Elyaz Babayev üç il sonra burada “Canlı bioloji toxumaların ultrasəslə qaynağı, kəsilməsi, emalı və biotexnologiyası” mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri namizədi dərəcəsi alır. 1970-ci illərin əvvəllindən ultrasəslə sümüklərə təsir istiqamətində apardığı araşdırmalar və təcrübələr nəticəsində alim insan və heyvan sümüklərində, eləcə də yaşla bağlı dəyişən sümük toxumalarında ilk dəfə dinamik qüvvəyə malik çoxsahəli gərginliyin olduğunu aşkar edib. 1976-cı ildə keçmiş SSRİ-nin İxtiralar və Kəşflər Komitəsi onu rəsmi surətdə həmin elmi kəşfin müəllifi kimi qeydə alıb. Bu kəşfə qədər sümüklərə, sadəcə dayaq-istinad funksiyası daşıyan orqan kimi baxılırdısa, indi gərginliyin mövcudluğuna əsaslanaraq sümük xəstəliklərinin müalicəsində yeni üsulların tətbiqi imkanı yaranırdı. Elyaz Babayev 1991-ci ildə Riqada müdafiə etdiyi “Ultrasəslə canlı bioloji toxumaların emal edilməsi sistemi və texnologiyası” adlı doktorluq dissertasiyası ilə əvvəlki elmi nəzəriyyəsini və apardığı təcrübələri daha mükəmməl şəkildə ortaya qoyur. Bu müdafiədən sonra beynəlxalq elmi ictimaiyyət Azərbaycan aliminin kəşfini etiraf etməyə məcbur olur. Əslində bu kəşf sümük nəzəriyyəsində tamamilə yeni bir mərhələ və tibb elmi üçün inqilabi əhəmiyyəti olan hadisə idi. Müasir sümük nəzəriyyəsinin banisi olan Elyaz Babayev sümüklərdə daxili gərginliyin mövcudluğu problemini, onların sıxılma və genişlənmə proseslərini ilk dəfə geniş şəkildə tədqiq etmiş alim kimi tanınır. Görkəmli alimin bu kəşfi tibb aləmində əvvəllər məlum olmayan bəzi məsələlərə aydınlıq gətirib. Onun apardığı tədqiqatlar zamanı sümüklərdəki daxili gərginliyin ölçüsü və yaşın artması ilə dinamik surətdə azaldığı müəyyənləşib. Tədqiqat nəticəsində sümük səthində sıxılma, onun daxilində isə genişlənmə gərginliyinin mövcudluğu aşkar olunub. Şübhəsiz ki, həmin tədqiqatlar travmotologiya-ortopediya və biomexanika elmində, xüsusən də sınıqların bərpası və bir çox sümük sistemi xəstəliklərinin müalicəsində çox böyük elmi-təcrübi əhəmiyyət daşıyır. Hazırda ABŞ, Rusiya və inkişaf etmiş bir sıra Avropa ölkələrinin ortopediya və travmotologiyasında Elyaz Babayevin kəşflərinin nəticələri geniş tətbiq olunur. Görkəmli Azərbaycan alimi ona dəstək olan elm adamlarının zəhmətini də itirmir. Həmin kəşfləri Bauman adına Moskva Ali Texniki məktəbin rəhbəri, akademik Nikolayev və professor Loşilovla birgə etdiyini deyir.
1994- cü ildə ailəsi ilə birlikdə Amerikanın Minisota ştatının Minyapols şəhərinə köçən professor Elyaz Babayev hazırda burada ABŞ, Britaniya, Kanada və digər ölkələrin alimləri ilə birlikdə “Molekulyar hüceyrədə mövcud olan müxtəlif enerji amillərinin öyrənilməsi” mövzusunda genişmiqyaslı elmi araşdırmalar aparır. Bünövrəsi Azərbaycanda qoyulmuş bu araşdırmada əsas məqsəd ayrı-ayrı xəstəliklərin yeri və səmərəli müalicə üsullarını axtarıb tapmaqdır. Bu üsulla dağılmış hüceyrələrin bərpasını, şəkər xəstəliklərinin tez və düzgün müəyyənləşdirilməsini, eləcə də dərmanların qan dövranına ağrısız və tez ötürülməsini təmin etməkdir. Dünyanın bu sahədə çalışan görkəmli alimlərinin fikrincə həmin tədqiqatlar geniş perspekivlərə malikdir. Elyaz Babayev 50-dən çox Amerika patentinin və 25-dən çox yeni texnologiyanın müəllifidir. Dünya praktikasında sağalmayan, çətin müalicə olunan adi yaralar və yanıqların müalicəsi üçün əsasən 5 müxtəlif qurğudan istifadə olunur. Elyaz Babayev azərbaycanlı kimi – patentlərə sahib olduğu iki qurğunun müəllif-ixtiraçısıdır. Üçüncü qurğu da artıq Amerika dövləti tərəfindən təsdiqlənib və klinikalara çıxışını gözləyir.
Texnika elmləri doktoru, professor Elyaz Babayev həm də “Arobella Medical, LLC” şirkətinin prezidenti və təsisçilərindən biridir.
Elyaz Babayevin həyat yoldaşı Fəridə Qasımzadə də Azərbaycan Politexnik İnstitutunu bitirib. Böyük qızı Gülzar hüquqşünaslıq üzrə doktordur. Minnesota Universitetində oxuyub. Alimin Corctaun Universitetində təhsil almış kiçik qızı Leyla da hüquqşünasdır.
T, Rüstəmov
