Bir neçə gün öncə “Ali və Nino” kitab mağazasında (Crescent Mall) Niderland ədəbiyyatına məxsus iki mühüm romanın — Renate Dorrestein-in “Gizli yaralar” və Thea Beckmanın “Yer Ananın övladları” əsərlərinin təqdimatını gerçəkləşdirdik. Uzun aylar davam edən hazırlıq prosesinin ardından bu layihənin uğurla başa çatması həm təşkilati, həm də məzmun baxımından bizim üçün xüsusi əhəmiyyət daşıyırdı. Təqdimat sadəcə yeni kitabların oxucuya təqdim olunması deyil, eyni zamanda aktual ictimai mövzular ətrafında düşünmək və müzakirə aparmaq üçün bir platforma rolunu oynadı.
Tədbirdə Niderland Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Marianne de Jongun iştirakı layihəyə xüsusi rəng qatdı. Onun çıxışı təkcə diplomatik nəzakət çərçivəsində deyil, məhz bu nəşrlərin ideya və məramını yığcam, lakin çox aydın şəkildə ifadə edən bir mətn idi. Səfirin vurğuladığı kimi, hər iki romanın mərkəzində qadın azadlığı, qadının cəmiyyətdəki yeri, səsi və hüquqları dayanır — və bu mövzular nə coğrafiya, nə də zamanla məhdudlaşır.
Renate Dorrestein-in “Gizli yaralar” romanı oxucunu 70 yaşlı Agnesin daxili dünyasına aparır. Baş vermiş bir ölüm hadisəsi onun üçün sadəcə kənar bir fakt deyil, keçmişə açılan qapıya çevrilir. Agnes sakit, zahirən problemsiz bir həyat yaşamış kimi görünsə də, daxilində onu illərlə izləyən qorxu, narahatlıq və günah hissi var. Roman irəlilədikcə məlum olur ki, bu hisslərin kökündə uşaqlıq dövründə ailə daxilində yaşadığı zorakılıq dayanır. Bu zorakılıq təkcə fiziki və ya psixoloji travma kimi deyil, həm də ailənin susqunluğu ilə daha da dərinləşən bir yara kimi təqdim olunur. Dorrestein susmağın, gizlətməyin və “ailə sirri” adı altında ört-basdır edilən həqiqətlərin insan həyatını necə dağıda bildiyini son dərəcə incə və təsirli bir dillə göstərir. Agnes keçmişi ilə üzləşdikcə anlayır ki, onu bu gün də incidən ağrılar məhz o vaxt sağalmamış, gizlədilmiş yaralardır.
Thea Beckmanın “Yer Ananın övladları” romanı isə tamam başqa bir janrda — yeniyetmələr üçün nəzərdə tutulmuş fantastik-distrofik üslubda yazılıb. Əsərdə nüvə müharibəsindən sonra Yer üzündə həyatın demək olar ki, məhv olduğu bir dünya təsvir edilir. İnsanlığın yalnız Şimal qütbünə yaxın ərazilərdə yaşamağa davam etdiyi bu yeni reallıqda cəmiyyət köklü şəkildə dəyişib: qadınlar hakimiyyəti ələ alıb, yeni qaydalar formalaşdırıblar. Romanın ideyası olduqca açıqdır — dünyanı fəlakətə sürükləyən kişi mərkəzli hakimiyyət modellərindən sonra, bəlkə də Yer üzünü qorumaq və yenidən qurmaq qadınların məsuliyyətinə verilməlidir. Beckman bu fikri didaktik təbliğatla deyil, gərgin süjet, maraqlı personajlar və etik suallarla zəngin bir bədii dünya vasitəsilə oxucuya təqdim edir.
Təqdimat zamanı Azərbaycan və Niderland cəmiyyətlərində qadınların mövqeyi ilə bağlı müqayisələr də polemik müstəvidə səsləndi. Qeyd olundu ki, istər Şərqdə, istərsə də Qərbdə qadınlar əsrlər boyu kişilərin hakimiyyəti altında yaşayıb və qadın azadlığının tarixi əslində çox da uzun deyil — təxminən 150 il, bəlkə də ondan da azdır. Bu baxımdan Niderland cəmiyyətinin keçdiyi yol, əldə etdiyi təcrübə bütün dünya üçün, o cümlədən Azərbaycan üçün olduqca dəyərlidir. Bu təcrübə yalnız qanunlar və institutlarla deyil, ədəbiyyat, mədəniyyət və ictimai diskussiya vasitəsilə də formalaşıb.
Renate Dorrestein-in “Gizli yaralar” və Thea Beckmanın “Yer Ananın övladları” romanları həmin böyük tarixi və mədəni prosesin ədəbiyyatda təcəssüm edən kiçik, lakin son dərəcə əhəmiyyətli parçalarıdır. Bu əsərlərin Azərbaycan dilinə tərcümə olunması ilə biz də həmin prosesə qoşulmuş oluruq. Ana dilimizdə oxunan bu mətnlər təkcə ədəbi hadisə deyil, eyni zamanda cəmiyyətimizdə qadınların uzun illər gizlədilmiş “yaraları” haqqında düşünmək, danışmaq və sağaltmaq yolunda atılan kiçik, amma ümidverici bir addımdır.
NİDERLAND ƏDƏBİYYATINDAN 2 KİTAB
