90 illiyi münasibəti ilə Xalq Artisti Qədir Rüstəmovun Beynəlxalq Muğam Mərkəzində keçirilən xatirə gecəsində sənətkarın özünəməxsus ifa tərzindən və zəngin repertuarından söz açılıb. Qeyd olunub ki, “Qarabağın maralı” , “Apardı sellər Saranı”, “Laçın” ,“Qaragilə”, “Neyçün gəlməz”, “Olmaz-olmaz”, “Sarı gəlin”, “Reyhan”, “Ay dili-dili”, “Sona bülbüllər” və digər mahnıların adını çəkəndə istər-istəməz onun bənzərsiz səsini qulaqlarında hiss edirsən. O, həmin mahnıların hər birinin üzərinə sanki öz möhürünü vurub, öz imzasını həkk edib. Görünür, elə buna görə də onun səsini “Allah vergisi”, “qeybdən gələn səs” adlandıranlar da olub. Xalq şairi Bəxtiyar Vahabzadə deyirdi ki, Qədir Rüstəmov öz ifası ilə “Sona bülbüllər”ə , “Sona bülbüllər” isə Qədir Rüstəmova heykəl qoyub.
Xatirə gecəsinin aparıcısı yazıçı, Əməkdar mədəniyyət işçisi Mustafa Çəmənli xanəndənin böyüdüyü mühit, sənətdə atdığı addımlar, keçdiyi həyat yolu, ona uğur qazandıran və sevdirən ifa tərzi, bənzərsiz istedadı haqqında ətraflı məlumat verib.
Gecədə çıxış edən yazıçı, xanəndənin həyatından bəhs edən “Evləri köndələn yar” povestinin müəllifi, Milli Məclisin deputatı Aqil Abbas, jurnalist, ustad sənətkardan bəhs edən “Qeybdən gələn səs” filminin müəllifi Fəxrəddin Hacıbəyli, ötən əsrin 80-ci illərində “Ağdamda Qədir Rüstəmovla atüstü söhbət” adlı müsahibənin müəllifi, yazıçı Seyran Səxavət onunla bağlı xatirələrini, yaradıcılıq prosesində üzləşdikləri hadisələri xatırlayıblar.
Əməkdar incəsənət xadimi Çingiz Abbasov, xanəndənin sənət dostu, tarzən Aydın Mehrəliyev Qarabağın ən gözəl və fərqli səslərindən olan Qədir Rüstəmov sənətinin ecazkarlıq və bənzərsizliyindən bəhs edib.
Çıxış edənlər belə fikir səsləndiriblər ki, dinləyicini səsinin sehrinə salan ustad sənətkar oxuduğu bütün muğam və mahnıları çox böyük məharət və ustalıqla ifa edib, hətta o dərəcədə ki, onları bir-birindən ayırmaq olmaz. Lakin onların arasında “Sona bülbülləri” ona görə istisnalıq təşkil edir ki, Qədir Rüstəmovun “vizit vərəqi”nə çevrildi.
Xalq mahnılarının və muğamların əvəzsiz ifaçısı haqqında videoçarxlar nümayiş olunub, ifasından parçalar səsləndirilib.
Əməkdar artistlər İlkin Əhmədov, Sevinc Sarıyeva, Elnur Zeynalov, muğam müsabiqəsinin qalibləri və iştirakçıları Güllü Muradova, Mustafa Mustafayev, Yusif Cəfərbəyli, Murad Laçın və başqaları xanəndənin repertuarında yer alan mahnılar və muğam parçaları ifa ediblər. Əməkdar artist Azad Şükürov Qədir Rüstəmova ithaf olunan şeiri səsləndirib.
